MAP

2020.06.10 Vangelo del giorno Parola di Dio scritture Bibbia Vangelo

Liturgiya oxunuşları: 19 AVQUST. Adi Dövrün XX həftəsinin çərşənbə axşamı

“İsa zəngin gənci seçim azadlığından məhrum etmir; və gənc öz mülkü ilə qalmağı seçdi. Müq. Mark qeyd edir ki, gənc, “kədərlənib getdi, çünki var-dövləti çox idi”. Rəbb onu buna görə məhkum etmir. Lakin, öz növbəsində, O, müəyyən kədər ilə qeyd edir ki, varlılar üçün Səmavi Padşahlığa daxil olmaq çətindir və yalnız Allah, müəyyən imtinalar, daxili azadlıqlar yarada bilər ki, bu da insanın Onun çağırışına razılıqla cavab verməyə imkan verir” (Müq. II İoann Pavel, Ümumi Audiensiya 12.10.1994).

BİRİNCİ OXUNUŞ Hak 6,11-24a

Rəbbin mələyi gəlib Aviezerli Yoaşın Ofra şəhərindəki palıd ağacının altında durdu. Yoaş oğlu Gideon üzüm sıxılan yerdə Midyanlılardan gizlətdiyi taxılı döyürdü. Rəbbin mələyi ona görünüb dedi: «Ey cəsur cəngavər, Rəbb səninlədir». Gideon dedi: «Ah mənim ağam, əgər Rəbb bizimlədirsə, bəs bütün bu işlər başımıza niyə gəldi? Atalarımız “Rəbb bizi Misirdən çıxarmadımı?” deyərək danışdıqları bütün möcüzələr görəsən indi harada qaldı? İndi Rəbb bizi atmışdır, ona görə də bizi Midyanlılara təslim edib». Rəbb ona tərəf çevrilib dedi: «Bu qüvvətinlə get, İsraili Midyanlıların əlindən qurtar. Səni göndərən Mən deyiləmmi?» Gideon ona dedi: «Ey Xudavənd, İsraili mən necə qurtarım? Mənim nəslim Menaşşe qəbiləsində ən zəif nəsildir, mən də atamın evində ən kiçiyəm». Rəbb ona dedi: «Mən mütləq səninlə olacağam və sən də Midyanlıların hamısını bir nəfər kimi qıracaqsan». Gideon dedi: «Əgər indi Sənin gözündə lütf tapmışamsa, mənə bir əlamət göstər, bilim ki, mənimlə danışan Rəbdir.  Rica edirəm, mən sənin yanına qurbanımı gətirib təqdim edənə qədər buradan getmə». Rəbb Gideona dedi: «Sən geri qayıdana qədər Mən burada gözləyirəm». Gideon içəri girdi. Bir oğlaq kəsib bir efa undan mayasız çörəklər bişirdi və əti səbətə qoydu, ətin suyunu isə qazana tökdü. Sonra onları palıd ağacının altına – Rəbbin yanına gətirib Ona təqdim etdi. Allahın mələyi ona dedi: «Əti və mayasız çörəkləri götür, bu qayanın üstünə qoy və ətin suyunu da oraya tök». Gideon belə də etdi. Rəbbin mələyi əlində olan əsanın ucunu oraya uzadıb ətlə mayasız çörəklərə toxunanda qayadan alov çıxdı və ətlə mayasız çörəkləri udub yox etdi. Sonra Rəbbin mələyi onun gözü önündəcə qeyb oldu. Gideon Onun Rəbbin mələyi olduğunu anlayıb dedi: «Ay aman, ya Xudavənd Rəbb! Mən Sənin mələyinin sifətini gördüm». Rəbb ona dedi: «Salamat qal, qorxma, ölməyəcəksən». Gideon orada Rəbbə bir qurbangah düzəltdi və onun adını Yahve-Şalom qoydu.

əڲ

Allah Gideonu seçir ki, xalqını Midyanlıların təhlükəsindən xilas etmək missiyasını ona həvalə etsin. Gideon Menaşşe qəbiləsinin ən kasıb ailəsinin kiçik oğludur. İnsan məntiqinə əsasən, heç kim onu Allahın ona həvalə etdiyi mühüm bir vəzifə üçün seçməz. Çoxlarına məlum olmayan, lakin dərin sosial, siyasi və mədəni dəyişikliklərə səbəb ola biləcək kasıb və sadə insanların rəşadətlərinin çoxsaylı nümunələrini necə xatırlamamaq olar? Bəşəriyyətin və ənin yolları təsdiq edir ki, tarix Allahın əlindədir və O, Onun hökmünə və insanlara olan qeyd-şərtsiz məhəbbətinə inanan hər kəsi böyül işlər üçün seçə bilər.

İNCİL Мatta 19,23-30

İsa şagirdlərinə dedi: «Sizə doğrusunu deyirəm: varlı adamın Səmavi Padşahlığa daxil olması çətindir. Yenə sizə deyirəm ki, dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır». Bunu eşidən şagirdlər çox təəccüblənərək dedilər: «Elə isə, kim xilas ola bilər?» İsa onlara baxıb dedi: «Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün hər şey mümkündür». Bundan sonra Peter cavab verərək Ona dedi: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik, əvəzində nəyimiz olacaq?» İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: hər şey yeniləşəndə, Bəşər Oğlu izzətli taxtına oturanda Mənim ardımca gələn sizlər də İsrailin on iki qəbiləsinə hökm etmək üçün on iki taxt üzərində oturacaqsınız. Mənim adım uğrunda ya evlərini ya qardaşlarını ya bacılarını ya atasını ya anasını ya uşaqlarını və yaxud tarlalarını atan hər kəs bundan yüz dəfə artıq alacaq və əbədi həyatı da irs olaraq alacaq. Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci olacaq.

əڲ  

Biz, İsanın ardınca getdiyimiz zaman başa düşürük ki, Onun xatirinə imtina etdiyimiz hər şey Onun bizə verdiyi ilə müqayisədə heçnədir. Onun məhəbbətinin kosmik miqyası ilə müqayisədə hər şey kiçik görünür. Allah, Müqəddəs Yazıda deyildiyi kimi, heç vaxt Öz ənamlarını geri almır, lakin onlar minnətdarlıq və sevgi ilə qəbul edilməlidir. İsa xatirinə imtina etdiyimiz zaman, Məsihin həyatımız üçün yeganə bələdçi olduğunu, sevilməsi lazım olan yeganə nemət olduğunu başa düşürük. Məsihin məhəbbəti üçün hər şeyi tərk edən, hər şeyi Məsihdən almağa ehtiyacı olduğunu başa düşür. Buna görə də, İncil-sayağı yoxsulluq o deməkdir ki, Allahsız biz heç nə edə bilmərik, Onun heyrətamiz ata məhəbbətinə çox ehtiyacımız var. Buna görə də, insan özünün qeyri-kafi olduğunu dərk etdiyi və Yaradandan və Xilaskardan asılılığını qəbul etdiyi zaman – həqiqi lütf zamanıdır.  İnsan üçün çox şey mümkün deyil, lakin Allah üçün hər şey mümkündür.

19 avqust 2025, 10:22