MAP

2021.04.13 preghiera Gebet

Liturgiya oxunuşları: 17 AVQUST. Adi Dövrün XX RƏBB GÜNÜ

“Xristian həyatını hər cür kompromislərlə dolu dünyavi həyat ilə birləşdirməyə cəhd ediriksə, özümüzə xristian deyə bilmərik: bu riyakarlıqdır” (Fransisk, Rəbbin Mələyi 18.08.2019).

BİRİNCİ OXUNUŞ Yer 38, 4-6.8-10

Başçılar padşaha dedi: «Qoy bu adam öldürülsün. Çünki belə sözlər deyib bu şəhərdə salamat qalan döyüşçüləri və bütün xalqı ruhdan salır. Yəqin bu adam xalqa yaxşılıq deyil, pislik arzulayır». Padşah Sidqiya dedi: «Onu sizin əlinizə verirəm, çünki padşah sizin əleyhinizə bir iş görə bilməz». O zaman onlar Yeremyanı götürüb padşahın oğlu Malkiyanın mühafizəçilər həyətində olan quyusuna atdılar. Yeremyanı kəndirlə oraya saldılar. Quyuda su yox idi, yalnız çirkab var idi. Yeremya çirkaba batdı. Eved-Melek padşah sarayından gəlib padşaha belə söylədi:  «Ağam padşah, bu adamlar Yeremya peyğəmbəri quyuya ataraq onunla pis rəftar etdi. O orada acından öləcək, çünki daha şəhərdə çörək qalmadı». Padşah Kuşlu Eved-Melekə əmr edib dedi: «Özünlə otuz nəfər götür, nə qədər ki ölməyib, Yeremya peyğəmbəri quyudan çıxart».

əڲ

Yeremya Allahın adından danışır, lakin o, ittihamlar, müqavimət və inadkar ürəklərlə üzləşir; uğursuzluq və məğlubiyyət qaçılmaz görünür. Bununla belə, Allah öz peyğəmbərinə nəzarət edir və onu qəti ölümdən xilas edir: saleh və mərhəmətli yadelli qul onun taleyini öz üzərinə götürür və onun azad edilməsinə vasitəçilik edir. İnsanlar həqiqəti eşitməyi sevmirlər, xüsusən də o, əlverişsiz və onların daxili çatışmazlıqlarını vurğulayan həqiqət olanda. Bizim dövrümüzdə peyğəmbər olmaq üçün çoxlu sözə ehtiyac yoxdur: insan inandığı dəyərlərə uyğun yaşayanda ətrafı üçün səssiz bir qınağa çevrilir. Beləliklə, toqquşmalar və həqiqətləri söyləyən səsləri susdurmaq cəhdləri başlayır. Amma insan qorxuya məğlub olmamalıdır: Allah Öz işini görəcək və heç nəyə baxmayaraq bir çox insanların qəlbinə çatacaq.

İKİNCİ OXUNUŞ İbr 12, 1-4

Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran günahı tərk edib qarşımızdakı yarışda dözümlə qaçaq. Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək. O, qarşısına qoyulan sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə tab gətirdi və Allahın taxtının sağında oturdu. Günahkarlardan Ona qarşı olan bu qədər düşmənçiliyə dözən Şəxs barəsində düşünün ki, yorulub ruhdan düşməyəsiniz. Günaha qarşı etdiyiniz mübarizədə hələ qan töküləcək qədər möhkəm durmamısınız.

əڲ

Çarmıx olmadan İsanın ardınca getmək mümkün deyil. Həyatımız sevincli, vacib, gündəlik, monoton, ağrılı hadisələrlə doludur. Bu təcrübələrin zənginliyində qarşımızda hər zaman bir məqsəd olmalıdır, yəni nəzərlərimizi Məsihə çevirməliyik. Yalnız bu yolla biz xristian həyatında israrlı ola və həqiqi qələbə qazana bilərik. Yalnız nəzərlərimizi İsa Məsihə dikməklə biz istənilən sınaqla güc və mətanətlə qarşılaşa bilərik.

İNCİL Luka 12, 49-53

Mən yer üzünə od yağdırmağa gəlmişəm. Kaş ki bu od artıq alışıb-yanaydı! Mənim alacağım bir vəftiz var. Bu vəftiz yerinə yetib qurtaranadək nə qədər sıxıntı çəkməliyəm! Siz düşünürsünüz ki, Mən yer üzünə sülh gətirməyə gəlmişəm? Xeyr, sizə deyirəm ki, Mən ayrılıq gətirməyə gəlmişəm! Çünki bundan sonra bir evdə yaşayan beş nəfər bir-birindən ayrılaraq üç nəfərə qarşı iki nəfər, iki nəfərə qarşı üç nəfər olacaq. Çünki ata oğlundan, oğul atasından, ana qızından, qız anasından, qayınana gəlinindən, gəlin də qayınanasından ayrılacaq».

əڲ  

Biz tez-tez İncilə, yalnız ilahi təsəlli və sakit, dinc həyat üçün dəstək tapmaq məqsədilə müraciət edirik. İncil səmavi izzət və daxili sülh vəd edir: lakin bu sülhün qiyməti Məsihə həqiqi dönüş, çarmıxın xilas aləti kimi qəbul edilməsi, sınaqlara və təqiblərə tab gətirməyə hazır olmaqdır. İsa ailələrdə parçalanma və çəkişmə yaratmaq üçün gəlməyib, lakin Onun gəlişi ilə parçalanma və çəkişmə qaçılmaz olacaq. Rəbb insanları əsas seçim qarşısında qoyur: ya Onun lehinə, ya da Ona qarşı. Bilirik ki, qərar vermək zərurəti ilə qarşılaşdıqda, azad yaradılmış insan müxtəlif reaksiyalar verir. Rəbbin Kəlamı və Onun Şəxsiyyəti insan qəlbinin dərinliklərində gizlənənləri üzə çıxarır. İncil təsəlli kitabı deyil, o, əzəldən Allah tərəfindən sevildiyimizi və Allahın xilasımızı hərarətlə istədiyini bəyan edir. Bu,  günaha, şərə və onunla bütün kompromislərə qarşı mübarizəyə çağırışdır. İsa Məsihin sülhü, hətta canını verməyə qədər özünü təhlükəyə atmağa hazır olmağı tələb edən seçimin bəhrəsidir. Onun mesajı sevinclidir, lakin asan deyil.  Müjdəni qəbul etmək bacarığı lütfdür və sülh gətirir.

16 avqust 2025, 21:32