Liturgiya oxunuşları: 03 AVQUST. Adi Dövrün XVIII RƏBB GÜNÜ
BİRİNCİ OXUNUŞ Vaiz 1, 2; 2, 21-23
Vaiz deyir: «Hər şey puçdur, puçdur, tamam puçdur! Çünki biri hikmət, bilik və bacarıqla zəhmət çəkir, axırda isə onun payını heç bir zəhmət çəkməmiş başqa adama verməli olur. Bu da puçdur, böyük bir dərddir. İnsanın səma altında çəkdiyi bütün zəhmətlərin, ürəyindəki qayğıların ona nə faydası var? Onun bütün günləri dərd içində, işləri kədər içində keçir. Hətta gecə də ürəyi rahatlanmır. Bu da puçdur.
əڲ
Pessimizmlə realizm arasında böyük fərq var. İlk baxışda bütün Bibliyanın ən pessimist kitabı kimi görünən Vaiz kitabı əslində həyatda lazım olan realizmin ən konkret ifadəsidir. Dünyada heç nə insana daimi sülh və xoşbəxtlik verə bilməz. Hər şey keçir, hətta sonsuz görünən də. Deməli, realizm hər şeydən əvvəl müdriklik deməkdir və başqalarının zəhmətimizin bəhrələrindən faydalanmaq üçün arxamızca gələcəyini sakit dərk edərək, heç nə gözləmədən, fədakarlıqla bir işi görmək bacarığı deməkdir. Bu, Allahın qəlbə yazdığı qanundur.
İKİNCİ OXUNUŞ Kol 3,1-5.9-11
Beləliklə, Məsihlə birlikdə dirildiyinizə görə ucalardakı şeyləri axtarın. Orada Məsih Allahın sağında oturub. Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün. Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb. Həyatınız olan Məsih zühur edəndə siz də Onunla birgə izzətlə zühur edəcəksiniz. Buna görə cisminizin dünyəvi meylləri olan cinsi əxlaqsızlığı, murdarlığı, şəhvəti, pis ehtirası və bütpərəstliyə tay olan tamahkarlığı öldürün. Bir-birinizə yalan deməyin, çünki köhnə mənliyinizi və onun əməllərini üzərinizdən çıxarıb yeni mənliyə büründünüz. Yeni mənliyiniz onu Yaradanın surətinə bənzər şəkildə təzələnir ki, biliyiniz tam olsun. Bu təzələnmədə Yunanla Yəhudi, sünnətli ilə sünnətsiz, barbar, Skif, qulla azad arasında fərq yoxdur: Məsih hər şeydir və hamımızdadır.
əڲ
İsanın həqiqi şagirdləri olmaq üçün biz Onun mesajını həyatımızda təcəssüm etdirməyi öyrənməliyik. Bununla belə, bu, bəzən bizə baha başa gələn cəsarətli qərarlar qəbul etməyi tələb edir. Müqəddəs həvari Paul, ilk baxışda qorxulu səslənən bir ifadə işlətərkən buna işarə edir: “cisminizin dünyəvi meylləri öldürün”. Mətni diqqətlə oxuyanda anlayırıq ki, həvarinin sadaladığı əməllər artıq özlüyündə ölümcüldür. Biz bu reallıqlarla yaşamağa o qədər öyrəşmişik ki, fərqinə varmırıq ki, əgər onlardan qurtulsaq, daha azad və daha xoşbəxt olacağıq. Qəlbimizdə yaşayan hər hansı bir bütpərəstlikdən özümüzü azad etməkdən qorxmamalıyıq.
İNCİL Luka 12,13-21
İzdihamdan bir nəfər İsaya dedi: «Müəllim, qardaşıma de ki, mirası mənimlə bölsün». İsa ona belə cavab verdi: «Ey insan, Məni kim üzərinizə hakim ya vəkil qoyub?» Sonra İsa onlara dedi: «Diqqətli olun, hər cür tamahkarlıqdan özünüzü qoruyun. Çünki insanın həyatı var-yoxunun bolluğundan asılı deyil». İsa onlara bu məsəli danışdı: «Bir varlının torpağı bol məhsul verdi. Bu adam ürəyində düşündü: “Məhsulumu qoymağa yerim yoxdur. Axı nə edim?” Sonra dedi: “Belə edərəm: anbarlarımı söküb daha böyüklərini tikəcəyəm. Bütün taxılımı və malımı oraya yığaram. Canıma deyərəm: ey canım, illərlə kifayət qədər var-dövlət yığmısan. İndi dincəl, ye-iç, kef elə”. Amma Allah ona dedi: “Ay axmaq, bu gecə canını səndən alacaqlar. Bəs hazırladığın kimə qalacaq?” Özü üçün xəzinə toplayan, amma Allahın önündə varlı olmayan hər bir insanın axırı da elə olacaq».
əڲ
İncilin bu parçasında Rəbb həmsöhbətinə cavab verərək, Öz müasirlərinə və hamımıza əbədiliyin gündəlik reallıqlarda da olduğunu izah etmək istəyir. Vay halımıza, əgər biz Uca Yaradandan öz şəxsi maraqlarımız üçün istifadə etmək istəsək. Bu, mirasın bölüşdürülməsi məsələsində onunla qardaşı arasında ədaləti bərqərar etmək üçün İsadan müdaxilə etməsini istəyən bir adamın xahişinin arxasında gizlənən niyyətidir. Pul, hətta vicdanla qazanılsa belə, uzun müddət “yuxuda olan” istəkləri oyada bilər; bir dəfə oyandıqdan sonra, onlar köklü şəkildə ürəyi qəddar və başqalarına qarşı barışmaz edə bilərlər. Belə tələyə düşməmək üçün ürəyinizlə əmanətləriniz arasında həmişə məsafə saxlayın, onları başqaları ilə bölüşün, onlardan xeyir üçün istifadə edin, özünüzə qarşı ayıq-sayıq olun: “qızıl” tələdən çıxmaq olduqca çətindir.