Liturgiya oxunuşları: 8 İYUL. Adi Dövrün XIV həftəsinin çərşənbə axşamı
BİRİNCİ OXUNUŞ Yar 32, 22-32
Yaqub gecə qalxıb iki arvadını, iki cariyəsini və on bir uşağını götürərək Yabboq çayının keçidindən keçdi. Onları götürüb çayı keçirtdi və özünə məxsus şeyləri də keçirtdi. Sonra Yaqub tək qaldı. Dan yeri sökülənə qədər bir Şəxs onunla güləşdi. Yaquba üstün gələ bilmədiyini görüb onun budunun oynağına zərbə vurdu. O Şəxslə güləşərkən Yaqubun budunda oynağı zədələndi. O Şəxs dedi: «Burax, gedim, çünki səhər açılır». Yaqub dedi: «Mənə xeyir-dua verməsən, Səni buraxmaram». O Şəxs soruşdu: «Adın nədir?» O dedi: «Yaqub». O Şəxs dedi: «Artıq sənə Yaqub deyil, İsrail deyiləcək, çünki sən Allahla və insanlarla güləşib üstün gəlmisən». Yaqub soruşdu: «Xahiş edirəm, adını söylə». O dedi: «Adımı niyə soruşursan?» O Şəxs orada Yaquba xeyir-dua verdi. Yaqub o yerin adını Peniel qoydu, çünki demişdi: «Allahı üz-üzə gördüm və salamat qaldım». Yaqub Penieldən keçəndə günəş doğdu. O, bir budundan axsayırdı. Ona görə bu günə qədər də İsraillilər bud oynağının üzərindəki vətərləri yeməzlər. Çünki güləşən Şəxs Yaqubun bud oynağının vətərinə toxunmuşdu.
əڲ
Qarşımızda Müqəddəs Yazıların ən sirli hissələrindən biri durur. İki güləşçidən hansının qalib, hansının məğlub olduğu bəlli deyil: gecə güləşin “damğasını” bədənində ömürlük daşıyan Yaqub, yoxsa Allahın Özünü təmsil edən sirli mələk? Lakin bu hissə böyük həyat dərsi təqdim edir. Allah ilə münasibətdə yalnız məğlub olmağa razılaşdığın zaman qalib gəlirsən. Biz Onun mərhəmətinə təslim olanda və Onun iradəsinə uyğun olaraq insani və çox kiçik planlarmızdan əl çəkməyi qərara aldıqda, ən qiymətli olanı qazanırıq: Onun Ata xeyir-duasını. Yaqub bunu gecə döyüşündən sonra anlayır. Bu böyük həqiqəti dərk etmək üçün neçə döyüşlərdən keçməliyik?
İNCİL Matta 9,32-38
Onlar çıxarkən cinə tutulmuş lal bir adamı İsanın yanına gətirdilər. Cin qovulandan sonra lal danışmağa başladı. Xalq heyrətlənərək dedi: «İsraildə heç vaxt belə bir şey baş verməmişdi». Lakin fariseylər deyirdilər: «O, cinlərin başçısının gücü ilə cinləri qovur». İsa bütün şəhər və kəndləri gəzib-dolaşaraq onların sinaqoqlarında təlim öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. Lakin izdihamı görəndə İsanın onlara rəhmi gəldi, çünki çobansız qoyunlar kimi taqətsiz və çarəsiz idilər. O zaman İsa şagirdlərinə dedi: «Məhsul çoxdur, işçilərsə azdır. Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin».
əڲ
İsanın möcüzələrinə şahid olmaq böyük məsuliyyətdir. Bu, şərə və xəstəliyə əmr edən Allahın qüdrəti ilə üzləşmək, iman gətirməyə hazır olmaq deməkdir. Təəssüf ki, hətta Allahın qüdrətinin bu fövqəladə əlamətləri qarşısında belə qəlbi-bağlı qalmaq olar və İsanı, həmin gün fariseylərin etdiyi kimi, şeytan olmaqda ittiham etmək olar. Həyatımızda neçə dəfə, müxtəlif vəziyyətlərdə və əzablarda parlaq bir möcüzə görməyi arzulamışıq! Bəs biz bunu düzgün anlayıb qəbul edə biləcəyimizə əminikmi? Qəlbimizi eqoizm ilə bağlayaraq və hər möcüzənin daşıdığı dərin mənanı rədd edərək, bütün dövrlərin fariseyləri kimi reaksiya verməyəcəyimizə zəmanət varmı? Gəlin Allahdan bizim üçün və içimizdə etdiyi kiçik gündəlik möcüzələri görməmizə kömək edəcək iman diləyək.