Liturgiya oxunuşları: 6 İYUL. Adi Dövrün XIV RƏBB GÜNÜ
BİRİNCİ OXUNUŞ Yeşaya 66,10-14
«Yerusəlimlə birgə sevinin, ey onu sevənlər, hamınız onun üçün şadlanın. Ey Yerusəlim üçün yas tutanar, onunla birgə cuşa gəlin, fərəhlənin! Siz ananız Yerusəlimin döşlərini əmib təsəlli tapacaqsınız, doyacaqsınız, onun bol nemətlərindən dadıb zövq alacaqsınız». Rəbb belə deyir: «Budur, Mən əmin-amanlığı bir çay tək, millətlərin sərvətini daşqın sel kimi ona sarı axıdacağam. Siz ondan bəslənəcəksiniz, qucağında daşınacaqsınız, dizlərində oxşanacaqsınız. Övladına təsəlli verən bir ana tək Mən sizə təsəlli verəcəyəm. Yerusəlimdə təsəlli tapacaqsınız. Bunları görüb ürəyiniz sevinəcək; bədənləriniz yaşıl ot kimi qüvvətlənəcək. Hər kəs biləcək ki, Rəbbin qoruyucu əli qullarının, qəzəbi isə düşmənlərinin üstündədir».
əڲ
Allah bizə təsəlli verir. Bu gözəl həqiqətdir, amma təəssüf ki, biz onu çox vaxt unuduruq. Rəbb hər birimizə yaxındır, həyatımızda olan bütün çətinlikləri bilir. Yalnız Ona məlum olan səbəblərə görə, O, bizi məmnuniyyətlə qaçmaq istədiyimiz bəzi vəziyyətlərlə bağlı əzablardan azad etmir. Bununla belə, O, Öz hüzuru və xeyir-duası ilə bizi müşayiət edir və gücləndirir. Heç düşünmüsünüzmü ki, Allah bizə ən qayğıkeş ananın körpəsinə rəftar etdiyi kimi davranır? O, bizim qayğımıza qalır, bizi qidalandırır və yetkinlik yaşına çatana qədər böyüməyimizə diqqət yetirir: bu o deməkdir ki, O, bütün səyahətimiz boyu bizə təsəlli verir və bizi ruhlandırır. Ona görə də gəlin nankorcasına şikayət etməkdənsə, hər çətinliyimizdə inamla Rəbbə müraciət edək.
İKİNCİ OXUNUŞ Qal 6,14-18
Mənsə Rəbbimiz İsa Məsihin çarmıxından başqa şeylə əsla öyünmərəm. Bunun vasitəsilə dünya mənim üçün çarmıxa çəkildi, mən də dünya üçün çarmıxa çəkildim. Çünki əhəmiyyət kəsb edən sünnətlilik yaxud sünnətsizlik deyil, yeni yaradılışdır. Nə qədər bu qaydaya riayət edənlər varsa, onların üzərinə, Allahın İsraili üzərinə sülh və mərhəmət gəlsin. Bundan sonra qoy heç kim mənə əziyyət verməsin. Çünki mən İsanın yara izlərini bədənimdə daşıyıram. Qardaşlar, Rəbbimiz İsa Məsihin lütfü ruhunuza yar olsun! Amin.
əڲ
Müqəddəs Paulun sözləri güclüdür, bəzi hallarda hətta tələbkardır və bizə meydan oxuyur. Yəhudi dindarlığını yaşamış və İsa Məsihə iman edən həvari öz çarmıxından başqa heç nə ilə öyünmək istəmədiyini söyləyir. Bu o deməkdir ki, lənət simvolu olan işgəncə aləti, əksinə, Allahın Öz Oğlu İsada bizə aşkar etdiyi məhəbbətin ən böyük etirafına çevrilir. Allahın Oğlunun iztirabları və alçaldılması Allahın hər birimizə olan əbədi məhəbbətinin möhürüdür. Buna görə də Paul Məsihin Çarmıxına sevinə bilər və onu tərənnüm edə bilər. Allah çox vaxt təvazökarları və hətta alçaldılanları seçir, çünki insanların təkəbbürlə rədd etdikləri şeylər Uca Yaradanın xilas niyyətində əsas rol oynaya bilər.
İNCİL Luka 10,1-12.17-20
Bu hadisələrdən sonra Rəbb başqa yetmiş nəfəri təyin etdi və onları iki-iki Özünün gedəcəyi hər şəhərə və hər yerə Özündən əvvəl göndərdi. Onlara dedi: «Məhsul çoxdur, işçilərsə azdır. Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin. Gedin, sizi qurdların arasına quzular kimi göndərirəm. Özünüzlə nə kisə, nə torba, nə də çarıq götürün. Yolda heç kimlə salamlaşıb danışmayın. Hansı bir evə girsəniz, əvvəl “Bu evə əmin-amanlıq olsun!” deyin. Əgər orada əmin-amanlığa layiq bir adam varsa, dilədiyiniz əmin-amanlıq onun üzərində qalacaq. Əks halda o sizə qayıdacaq. Girdiyiniz evdə qalın, sizə nə verirlərsə, yeyib-için, çünki işçi öz haqqına layiqdir. Evdən evə köçməyin. Hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul edirlərsə, qabağınıza qoyulanı yeyin. Orada olan xəstələrə şəfa verin və onlara deyin: “Allahın Padşahlığı sizə yaxınlaşıb”. Amma hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul etməsələr, oranın küçələrinə çıxıb belə deyin: “Sizin əleyhinizə çıxaraq şəhərinizin ayaqlarımıza yapışan tozunu belə, çırpırıq. Amma bunu bilin ki, Allahın Padşahlığı sizə yaxınlaşıb”. Sizə bunu deyirəm: qiyamət günü† Sodomun halı o şəhərin halından daha asan olacaq. Yetmiş şagird sevinə-sevinə qayıtdı və dedi: «Ya Rəbb, Sənin adınla cinlər belə, bizə tabe olur!» İsa onlara belə cavab verdi: «Mən Şeytanın ildırım kimi göydən düşməyini görmüşdüm. Baxın Mən sizə səlahiyyət vermişəm ki, ilanları, əqrəbləri və düşmənin bütün gücünü ayaq altında əzəsiniz və heç nə sizə zərər vurmayacaq. Bununla belə, ruhların sizə tabe olduğuna görə sevinməyin, amma sevinin ki, adlarınız göylərdə yazılıb».
əڲ
Həvarilər və şagirdlər Müəllimlə eyni qabiliyyət və gücə sahib olduqları üçün öyünür və sevinirlər. Ancaq Rəbb onları mətləbə diqqət etməyə çağırır: onlar bu cür işlərə qadir olduqlarına deyil, bir gün Səmavi Padşahliqda Onun izzətinə şərik olacaqlarına görə sevinməlidirlər. Allah Onun üçün yaxşılıq edənləri unutmur; O, vaxtını və həyatını İncilə və xilas sözünün elanına həsr edənləri unuda bilməz. Əmin ola bilərik ki, Allahı razı salmaq və başqalarına Onun məhəbbətini və mərhəmətini tanımağa kömək etmək kimi saleh niyyətlə etdiyimiz heç bir iş Onun tərəfindən unudulmayacaq. O da bizim adlarımızı Səmaya yazacaq və heç kim onları heç vaxt silməyəcək.