Liturgiya oxunuşları: 5 İYUL. Adi Dövrün XIII həftəsinin şənbəsi
BİRİNCİ OXUNUŞ Yar 27,1-5.15-29
İshaq qocalıb gözləri görməyəndə böyük oğlu Esavı yanına çağırıb dedi: «Ay oğlum». Esav ona «mən buradayam» dedi. İshaq dedi: «Mən artıq qocalmışam, bu gün-sabah öləcəyəm. İndi silahını, yayını və oxdanını götür, çöllüyə get və mənim üçün heyvan ovla. Sonra da mənə xoşladığım ləzzətli yeməyi hazırla və gətir ki, yeyim. Onda ölməmişdən qabaq mən sənə xeyir-dua verərəm». İshaq oğlu Esavla danışarkən Rivqa eşidirdi. Esav heyvan ovlayıb gətirmək üçün çöllüyə getdi. Rivqa böyük oğlu Esavın evdə saxladığı ən gözəl paltarını götürüb kiçik oğlu Yaquba geyindirdi. Onun əllərinə və boynunun tüksüz yerinə oğlaq dəriləri bağladı. Sonra hazırladığı ləzzətli yeməyi və çörəyi oğlu Yaqubun əlinə verdi. Yaqub atasının yanına gəlib dedi: «Ay ata». Atası dedi: «Mən buradayam. Sən kimsən, oğlum?» Yaqub atasına dedi: «Sənin ilk oğlun Esavam. Dediyin kimi elədim. Qalx otur və gətirdiyim ov ətindən ye ki, mənə xeyir-dua verəsən». İshaq oğluna dedi: «Necə oldu ki, belə tez ov tapdın, oğlum?» O dedi: «Sənin Allahın Rəbb mənə uğur verdi». İshaq Yaquba dedi: «Yaxın gəl, oğlum, əlimi sənə sürtüb bilim ki, doğrudanmı, oğlum Esavsan ya yox?»Yaqub atası İshaqa yaxınlaşdı. İshaq əlini ona sürtüb dedi: «Səs Yaqubun səsidir, ancaq əllər Esavın əlləridir». İshaq onu tanımadı, çünki onun əlləri qardaşı Esavın əlləri kimi tüklü idi. İshaq Yaquba xeyir-dua verdi. O soruşdu: «Doğrudanmı, sən oğlum Esavsan?» Yaqub dedi: «Bəli». İshaq dedi: «Oğlum, gətirdiyin ov ətini qabağıma qoy, yeyim, sonra da sənə xeyir-dua verərəm». Yaqub yeməyi onun qabağına qoydu və o yedi, Yaqub ona şərab gətirdi və o içdi. Atası İshaq Yaquba dedi: «Oğlum, indi yaxınlaş, atanı öp». O yaxınlaşıb atasını öpdü. İshaq onun paltarının qoxusunu hiss etdi və ona xeyir-dua verib dedi: «Bax oğlumun qoxusu Rəbbin xeyir-dua verdiyi çölün qoxusu kimidir. Allah sənə göylərin şehini, torpağın şirəsini, bol buğda və çoxlu təzə şərab versin. Xalqlar sənə qulluq etsin, ümmətlər sənə baş əysin. Öz qardaşlarına ağa ol, ananın oğulları sənə baş əysin. Sənə lənət edənlərə lənət gəlsin, sənə xeyir-dua verənlər xeyir-dua alsın».
əڲ
İbrahim və İshaqla müqayisədə Yaqub çox fərqlidir. Ağıllı və hiyləgər, o, böyük qardaşının əlindən həqiqətən vacib olan yeganə şeyi alır: atasının xeyir-duasını. Bu hadisələrin baş verdiyi dövrdə ilk övlad atasının xeyir-duasını aldığı zaman qəbiləyə başçılıq etmək, ailəyə, deməli, özünə identiklik vermək haqqı əldə edirdi. Bu hərəkəti ilə Yaqub ailə adət-ənənələrini pozur, böyük qardaşının qəzəbinə tuş gəlir və qaçmağa məcbur olur. Və yenə də qəribədir ki, Allahın nəzərində məhz Yaqub rəğbət qazanır: əslində, Uca Allah Yaqubun hiylə ilə əldə etdiyi bu xeyir-duanı təsdiq edəcək və onu böyük insan edəcək. Bəzən Allahın qərarları tamamilə anlaşılmaz olur: O, bizim nəzərimizdə ləyaqətsiz və cəmiyyətdən qovulmağa laiq olanları seçir və hətta onlardan böyük müqəddəslər düzəldir.
İNCİL Matta 9, 14-17
O zaman Yəhyanın şagirdləri İsanın yanına gəlib dedilər: «Nə üçün biz və fariseylər çox oruc tuturuq, amma Sənin şagirdlərin oruc tutmur?» İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı yas tuta bilərmi? Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar. Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Çünki təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar. Eləcə də təzə şərabı köhnə tuluqlara doldurmazlar. Yoxsa tuluqlar partlayar, şərab tökülər, tuluqlar da zay olar. Təzə şərab təzə tuluqlara doldurular; onda hər ikisi qorunar».
əڲ
Məsihi və Onun bəxş etmək istədiyi xilası qəbul etmək asan deyil: bu, bəzi dini adətləri qəbul etməyi deyil, düşüncə və dünyagörüşünün həqiqi mənada dəyişməsini nəzərdə tutur. Yəni, insan öz məsləklərindən və Allah haqqında biliklərindən yeni qavrayış tərzinin xeyrinə imtina etməyə hazır olmalıdır. Dini ayinlərin özü tamam başqa məna kəsb etməyə başlayır: indi onlar İsa ilə görüş və ünsiyyət qurmaq sevincini ifadə etməyə xidmət edir və hər şey buna tabe olmalıdır. İsanın müasirləri üçün, hətta niyyəti xoş olanlar üçün bugünkü İncildəki söhbəti başa düşmək olduqca çətin idi. Nazaretli İsa olan əbədi, daim aktual yeniliyi təvazökarlıqla qəbul etməyin nə demək olduğunu başa düşürükmü?