MAP

2022.02.01 Vocazione di San Matteo (dipinto di Caravaggio)

Liturgiya oxunuşları: 4 İYUL. Adi Dövrün XIII həftəsinin cüməsi

“Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını öyrənin”. İncil vasitəsilə bizə gəlib çatan Allahın bu kəlamı xristian mesajının bütün mahiyyətini ehtiva edir: həqiqi din Allaha və insana məhəbbətdən ibarətdir. İbadətə və ilahi əmrlərin yerinə yetirilməsinə dəyər verən də budur” (XVI Benedikt, Rəbbin Mələyi 08.06.2008).

BİRİNCİ OXUNUŞ Yar 23,1-4.19;24,1-8.62-67

Sara yüz iyirmi yeddi il yaşadı; o bu qədər ömür sürdü. Sara Kənan torpağında olan Qiryat-Arbada, yəni Xevronda öldü. İbrahim yas tutub ağlamaqdan ötrü Saranın cəsədinin yanına getdi. İbrahim cəsədin yanından gedib Xetlilərə dedi: «Mən sizin aranızda qərib və qonağam. Yanınızda qəbir düzəltmək üçün mənə torpaq sahəsi satın ki, öz ölümü götürüb orada basdırım». Bundan sonra İbrahim arvadı Saranı Kənan torpağında olan Mamre, yəni Xevron qarşısındakı Maxpela tarlasının mağarasında basdırdı. İbrahim qocalıb yaşa dolmuşdu. Rəbb hər şeydə ona xeyir-dua vermişdi. Bir gün İbrahim evində bütün işləri idarə edən qulbaşıya dedi: «Əlini budumun altına qoyub göyün və yerin Allahı Rəbbin adına mənə and iç ki, oğluma aralarında yaşadığım Kənanlıların qızlarından arvad almayacaqsan, ancaq mənim ölkəmə, qohumlarımın yanına gedib oğlum İshaq üçün arvad alacaqsan». Nökər ona dedi: «Bəlkə qız mənimlə birgə bu ölkəyə gəlməyə razı olmadı? Onda oğlunu sənin çıxdığın ölkəyə aparımmı?» İbrahim ona dedi: «Bax oğlumu oraya aparma. Məni atamın evindən və doğulduğum torpaqdan çıxaran, mənimlə danışan və and içərək “bu torpağı sənin nəslinə verəcəyəm” deyən göylərin Allahı Rəbb Öz mələyini sənin önündə göndərəcək və sən oradan oğluma arvad alıb gətirəcəksən. Əgər o qadın səninlə gəlmək istəməsə, sən bu anddan azad olursan. Ancaq mənim oğlumu oraya aparma». İshaq Beer-Laxay-Roi yolu ilə gəldi, çünki o, Negev torpağında yaşayırdı. Axşam düşəndə İshaq bir qədər düşünmək üçün çöllüyə getdi. O, başını qaldırıb baxanda gördü ki, dəvələr gəlir. Rivqa da başını qaldırıb İshaqı görəndə dəvədən düşdü. O, nökərdən soruşdu: «Bizi qarşılamaq üçün çöllüyə gələn bu adam kimdir?» Nökər «ağamdır» dedi. Rivqa rübəndini üzünə çəkib örtündü. Nökər baş vermiş bütün işlər barədə İshaqa danışdı. İshaq Rivqanı anası Saranın yaşadığı çadıra apardı və Rivqa onun arvadı oldu. İshaq onu sevdi və anasının ölümündən sonra onunla təsəlli tapdı.

əڲ

Hər birimizin həyatında olduğu kimi İbrahimin həyatında da Yaradanın qoyduğu təbii ritmlərə uyğun olaraq ölüm və həyat bir-birini əvəz edir. Bununla belə, patriarx bütün bunları Allahın ona verdiyi vədi dərk edərək, onunla və ailəsi ilə baş verənləri həmin vəd ilə əlaqələndirir. Biz də gündən-günə bir-birini əvəz edən sevincli və kədərli hadisələri yaşayırıq. Rəbbin bizə bəxş etdiyi insanlara görə sevinir, Onun bizdən aldığı insanlar üçün ağlayırıq. Lakin, İbrahimin təcrübəsi bizim üçün də doğrudur: Rəbb bizə Öz xeyir-duasını vəd etmişdir. Gəlin bütün həyatımıza Allahın əvəzsiz hədiyyəsinə kimi baxmağı öyrənək və o zaman hər bir hadisənin arxasında Onun qayğıkeş sağ əlini görəcəyik.

İNCİL Matta 9, 9-13

İsa oradan keçəndə vergi yığılan yerdə oturan Matta adlı bir adamı görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi. İsa evdə süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. Fariseylər bunu gördükdə Onun şagirdlərinə dedilər: «Niyə Müəlliminiz vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?» Amma İsa bunu eşidəndə dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını öyrənin. Çünki Mən salehləri deyil, günahkarları çağırmaq† üçün gəlmişəm».

əڲ  

Başqalarına qarşı mərhəmətli olmaq öz günahını etiraf edib tövbə etməkdən qat-qat çətindir. Axı oruc tutmaq və ya digər iman rəşadətləri insanın xəyali müqəddəsliyindən müəyyən məmnuniyyəti nəzərdə tutur. Lakin Rəbb üçün ən qiymətli olan başqalarına qarşı mərhəmətli olmağımızdır. O, bizə bunu öyrətməyə gəldi. Qəlbimiz səxavətli və mərhəmətli deyilsə, o zaman tövbə etməyin və dini qanunlara riayət etməyin nə faydası var? Allahın qəlbinə bənzər bir qəlbə yalnız Onun kimi qeyd-şərtsiz sevməklə sahiblənmək olar.   

04 iyul 2025, 11:00