Liturgiya oxunuşları: 31 İYUL. Müq. İqnatiy Loyola, keşiş
BİRİNCİ OXUNUŞ Çıx 40,16-21.34-38
Rəbb Musaya necə əmr etmişdisə, o da bu cür etdi. İsrail övladlarının Misirdən çıxdığı vaxtın ikinci ilində, birinci ayın birinci günündə məskən quruldu. Musa çadırı qurdu: altlıqlarını qoydu, taxtalarını bərkitdi, şüvüllərini qurdu və dirəklərini dikəltdi. Məskənin üzərinə çadır saldı, onun üstünə də çadırın örtüyünü qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu. Bundan sonra o, şəhadət lövhələrini götürüb sandığın içinə qoydu. Şüvülləri sandığa taxdı, kəffarə qapağını da sandığın üstünə qoydu. Sandığı məskənin içinə gətirdi və arakəsmə pərdəsini qurub Şəhadət sandığının qabağını kəsdi. Rəbbin Musaya əmr etdiyi kimi oldu. O vaxt bulud Hüzur çadırını bürüdü və Rəbbin izzəti məskəni doldurdu. Musa Hüzur çadırına girə bilmədi, çünki bulud onun üstündə yerləşmişdi və Rəbbin izzəti məskəni doldurmuşdu. İsrail övladlarının bütün səfəri boyu bulud məskənin üstündən qalxanda yola düşərdilər; bulud qalxmayanda isə, qalxdığı günə qədər yola düşməzdilər. Səfərləri boyu bütün İsrail xalqının gözləri önündə gündüz Rəbbin buludu məskənin üzərində, gecələr isə od buludun içində idi.
əڲ
Hüzur çadırı və bulud Allahın seçilmiş xalqı arasında mövcudluğunun əlamətləridir. Musa hüzur çadırında Allahla söhbət edir, bulud isə səhrada sərgərdan gəzən israillilərə yol göstərir. Bununla belə, Allahın bu məhəbbətli və daimi hüzuruna baxmayaraq, israillilər tərəfindən nə qədər sədaqətsizlik və qəddarlıq göstərilir! Məsələ burasındadır ki, Allahın sözünün bizdə qalması üçün şəxsi səy göstərməsək, Allahın bizə yaxın olması kifayət etməz. Həvariləri xatırlayaq: onların Ustadın yanında olmaları onlar üçün sədaqət və müqəddəsliyin təminatı deyildi. Bəziləri Onu inkar etdi, bəziləri hətta Ona xəyanət etdi. Allahın daimi hüzurunda yenilənən və sevinclə dolu olan əbədi yeniliyi görmək üçün diqqətli olmalıyıq.
İNCİL Matta 13, 44-46
Yenə Səmavi Padşahlıq dənizə atılan və hər cür balıq tutan bir tora bənzəyir. Tor dolduğu zaman onu sahilə çəkdilər və oturub yaxşılarını qablara yığdılar, pisləri isə kənara atdılar. Bu dövrün sonunda da belə olacaq. Mələklər gəlib pisləri salehlərin arasından kənar edəcəklər. Sonra onları odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq». İsa «Bütün bunları anladınızmı?» deyə soruşdu. Onlar İsaya «bəli, ya Rəbb» dedilər. İsa da onlara dedi: «Ona görə də Səmavi Padşahlıq üçün şagirdlik etmiş hər ilahiyyatçı xəzinəsindən təzə və köhnə şeylər çıxaran ev sahibinə bənzəyir». İsa bu məsəlləri bitirəndən sonra oradan ayrıldı.
əڲ
Balıqçı obrazı hər birimizə aiddir. Gün ərzində yaxşı və pis, gözəl və çirkin çox şeylər eşidir və görürük. Biz bütün bunları qəlbimizdə saxlayırıq. Axşam biz dirilmiş İsanın işığında eşitdiyimiz və gördüyümüz hər şeyi xatırlayırıq və "çeşidləyirik": sınaqları, pis niyyətləri, yanlış məsləhətləri, pis düşüncələri İsanın adı ilə qırağa atırıq. Bu yeyilməz balıqdır və səbətə qoyulmamalıdır. Qulağımıza çatan bütün yaxşılıqları - müqəddəslik ilhamını, gözəl nümunələri, tərbiyəvi fikirləri qəbul edirik və diqqətlə qoruyuruq. Bununla biz öz içimizdə Rəbbi dəvət etməkdən utanmayacağımız gözəl bir məskən tikirik. Yalançı baxışları və təlimləri qəbul etsək, mənəvi çirkab və çirkinlikdən çəkinməsək, sonda özümüzü səhrada tək görəcəyik. Gəlin bizim iradəmizin və azadlığımızın Allah üçün nə qədər dəyərli olduğunu düşünək: O, bizi məcbur etmir, lakin sevgi bağları ilə Özünə tərəf çəkir ki, biz yaxşılığı seçib Səmavi Padşahlığın vətəndaşlığını qaza bilək.