Liturgiya oxunuşları: 30 İYUL. Adi Dövrün XVII həftəsinin çərşənbəsi
BİRİNCİ OXUNUŞ Çıx 34,29-35
Musa əlində iki şəhadət lövhəsi tutub Sina dağından enəndə bilmirdi ki, Rəblə danışdığına görə üzü nur saçır. Harun və bütün İsrail övladları Musanın üzünü nur saçan gördülər və ona yaxınlaşmaqdan qorxdular. Musa onları çağıranda Harunla bütün icma başçıları ona yaxınlaşdı və Musa onlarla söhbət etdi. Sonra bütün İsrail övladları ona yaxınlaşdı. Musa Rəbbin Sina dağında ona nəql etdiyi bütün işləri onlara əmr etdi. Musa söhbəti bitirəndə üzünə bir niqab çəkdi. Musa Rəbbin hüzuruna Onunla danışmaq üçün gedəndə niqabı çıxarar və çıxanadək niqabsız olardı. Çıxanda ona nə əmr olunduğunu İsrail övladlarına nəql edirdi. İsrail övladları isə Musanın üzünün nur saçdığını görərdilər. Sonra Musa içəri girib Rəblə danışana qədər yenə də niqabı üzünə çəkərdi.
əڲ
Allahla ünsiyyət təcrübəsi o qədər həyəcanlıdır ki, Musanın üzündə Uca Allahın müqəddəsliyinin parıltısının izləri qalır. Bu həmişə belə olur: Allahla dostluq və məhəbbət münasibətində yaşayan kəs biganə qala bilməz. Xristian Allaha nə qədər çox güvənir və Ona ümid bəsləyirsə, özünü Onun məhəbbətinə və mərhəmətinə bir o qədər çox açır, Allah da onu Öz xeyirxah hüzuru ilə daha çox doldurur. Belə insanın varlığında nəsə var ki, ətrafındakılara Allahın gözəlliyindən təsirləndiyini söyləyir və bu təcrübə onun üzərində dərin, silinməz izlər buraxır. Əlavə sözlərə və ya çıxışlara ehtiyac qalmır: biz şahid oluruq, çünki bizim şəxsiyyətimizin özü belə Allahı başqalarına elan edir. Biz Allahla nə qədər çox dolsaq, yaxınlarımıza Onun məhəbbəti haqqında şəhadət etmək üçün bir o qədər az söz tələb olunacaq. Söhbət yalnız Rəbbin bizim içimizdə sərbəst yaşayaraq, xristian şəhadətimizin etibarlılığını gücləndirməsindən gedir.
İNCİL Matta 13, 44-46
Səmavi Padşahlıq tarlada gizlədilən bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı və o tarlanı satın aldı. Yenə Səmavi Padşahlıq gözəl mirvarilər axtaran bir tacirə bənzəyir. O, çox dəyərli olan bir mirvari tapanda gedib bütün varını satdı və onu satın aldı.
əڲ
İnsan qəlbinin ən dərin istəklərindən biri də hər şeyin birdən-birə yaxşılığa doğru dəyişməsidir; bir anda sosial və iqtisadi vəziyyəti dəyişdirə biləcək bir uğur hadisəsi. O qədər insan ömrünü heç vaxt baş verməyəcək bir şeyi gözləməyə sərf edib, həyatlarının ən gözəl illərini boşa keçirir ki. Çoxları bilmir ki, bütün həyata bərabər fürsət artıq buradadır və ondan yalnız istifadə etmək lazımdır: buna görə də Rəbb İsa deyir ki, Səmavi Padşahlıq çox qiymətli mirvari kimidir, onun dəyəri onu tapan adamın həyatını tamamilə dəyişdirə bilər. Xoşbəxtlikdən, bu unikal imkan yalnız seçilmişlərə verilmir. Hər kəs istəsə onu ala bilər və o zaman həyat tamamilə dəyişəcək.