MAP

2020.07.27 Vangelo del giorno granello di senape

Liturgiya oxunuşları: 28 İYUL. Adi Dövrün XVII həftəsinin bazar ertəsi

“Allah haqqında danışarkən, müjdələmə işində, Müqəddəs Ruhun rəhbərliyi altında, sadəliyə, Müjdənin mahiyyətinə: bizim qayğılarımızı çəkən real və konkret Allah haqqında, İsa Məsihdə çarmıxdakı ölümə qədər bizə yaxınlaşan Məhəbbət olan Allah haqqında Xoş Xəbərə qayıtmaq lazımdır. O, Dirilişində bizə ümid bəxş edir və sonu olmayan həyat, həqiqi həyatı aşkar edir” (XVI Benedikt, Ümumi Audiensiya 28.10.2012).

BİRİNCİ OXUNUŞ Çıx 32,15-24.30-34

Musa əlində iki şəhadət lövhəsi ilə dönüb dağdan endi. Lövhələrin iki tərəfi – bu üzü də, o üzü də yazılı idi. Onlar Allahın işi idi; üzərindəki oyma yazılar Onun yazısı idi. Yeşua xalqın səs-küyünü eşidərək Musaya dedi: «Düşərgədən müharibə səsi gəlir». Musa cavab verdi: «Bu qələbə çalanların nidası deyil, məğlubiyyətə uğrayanların da səsi deyil. Mən nəğmə səsi eşidirəm». Musa düşərgəyə yaxınlaşıb dananı və onun ətrafındakı rəqsləri gördü. O qəzəbləndi və lövhələri əlindən atıb dağın ətəyində parça-parça etdi. Xalqın düzəltdiyi dananı götürüb yandırdı, toza dönənə qədər əzdi və suyun üzünə səpələyib İsrail övladlarına içirtdi. Musa Harundan soruşdu: «Bu xalq sənə nə etdi ki, onları belə böyük günaha batırdın?» Harun cavab verdi: «Qoy ağam qəzəblənməsin. Sən bu xalqı tanıyırsan. Onun niyyəti pisdir. Onlar mənə dedilər: “Bizim üçün allahlar düzəlt ki, qabağımızda getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!” Mən isə onlara dedim: “Kimdə qızıl varsa, onu çıxarın”. Xalq da qızılı mənə verdi. Mən onu oda atdım və bu dana alındı».

əڲ

İsraillilərin Allaha qarşı davranışları ardıcıllıqdan uzaqdır. Təntənəli surətdə Uca Yaradana sadiq qalacaqlarına and içəndən sonra çox vaxt keçməmiş onlar bütpərəstliyə üz tuturlar.  Bu halda Musa əsl şəfaətçi nümunəsi kimi görünür: o, Allahın qəlbinə toxunmaq üçün, israillilərin günahını gizlətmədən, özünü günahkarlarla bir tutub onların layiq olduğu cəzanı təxirə salmağı bacarır. Bir çox əsrlər sonra İsa Məsih də Səmavi Ata ilə bütün bəşəriyyət arasında vasitəçi olaraq eyni şeyi edəcək. Biz də yaxınlarımızın ehtiyaclarını görməyə, Allahın məhəbbətindən uzaq düşmüş və Onun dostluğunu hələ də tanımayan hər kəs üçün dua etməyə və şəfaət etməyə çağırılmışıq. Bu, Allah qarşısında parlayan əsl mərhəmət əməlidir.

İNCİL Matta 13,31-35

İsa onlara başqa bir məsəl də danışaraq dedi: «Səmavi Padşahlıq bir adamın götürüb öz tarlasında səpdiyi xardal toxumuna bənzəyir. Xardal toxumu bütün toxumların ən kiçiyi olsa da, böyüdükdə bütün bostan bitkilərindən hündür, lap ağac boyda olur. Belə ki göydə uçan quşlar gəlib onun budaqlarında yuva qurur». İsa onlara başqa bir məsəl də söylədi: «Səmavi Padşahlıq xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə una qarışdırıb bütün xəmir acıyanadək saxlayır». İsa bütün bu şeyləri xalqa məsəllərlə söyləyirdi və onlara məsəlsiz heç bir şey söyləməzdi ki, peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin: «Ağzımı məsəllərlə açacağam, dünya yaranandan bəri gizli qalan şeyləri bəyan edəcəyəm».

əڲ  

Xardal toxumunun obrazı vasitəsilə Rəbb İsa Allahın sözünün təsir qüvvəsini və Onun Padşahlığına daxil olmağımızın şərtlərini göstərir, ümidimizin və tarixdə iştirakımızın səbəblərini açır. Xardal toxumu, bütün toxumların ən kiçiki olsa da, həyatla doludur və böyüyərək “bütün taxıllardan daha böyük” olur. Allahın Padşahlığı da belədir: insan nöqteyi-nəzərindən kiçik və zahirən əhəmiyyətsiz bir reallıqdır. Onun bir hissəsi olmaq üçün insan ruhən yoxsul olmalıdır; öz qabiliyyətlərinə deyil, Allahın məhəbbətinin gücünə güvənməlidir; dünyanın gözündə önəmli görünmək üçün deyil, sadə və təvazökarı üstün tutan Allahın nəzərində dəyərli görünmək üçün hərəkət etməlidir. Biz belə yaşadığımız zaman Məsihin qüdrəti bizim vasitəmizlə dünyada üzə çıxır və kiçik və təvazökar olanları dünyanın və tarixi mayalandıran reallığa çevirir. Bu məsəldən mühüm bir dərs çıxır: Allahın Padşahlığı bizim əməkdaşlığımızı tələb etsə də, bu, hər şeydən əvvəl Rəbbin təşəbbüsü və hədiyyəsidir. Bizim zəif başlanğıclarımız Allahın işinin bir hissəsinə çevrildikdə, dünya problemlərinin mürəkkəbliyi qarşısında əhəmiyyətsiz görünsələr də, çətinliklərdən qorxmurlar. Rəbbin qələbəsi şübhəsizdir və bu fakt bizdə ümid və inam doğurur.

27 iyul 2025, 13:22