Liturgiya oxunuşları: 22 İYUL. Müq. Məcdəlli Məryəm
BİRİNCİ OXUNUŞ 2 Kor 5,14-17
Bizi məcbur edən Məsihin məhəbbətidir və bu qənaətə gəlmişik ki, bir Nəfər hamı üçün öldüyünə görə hamı öldü. Bəli, O hər kəs uğrunda öldü ki, qoy yaşayanlar artıq özləri üçün deyil, onlar uğrunda Ölüb-Dirilən üçün yaşasınlar. Bunun nəticəsində də biz artıq heç kimi bəşəri nöqteyi-nəzərdən tanımırıq. Nə vaxtsa Məsihi bəşəri nöqteyi-nəzərdən tanısaq da, indi Onu elə tanımırıq. Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi
əڲ
Həvari Paul öyrədir ki, Məsihin “bəşəri səviyyədə” dərk edilməsi öz yerini Onunla ünsiyyətin yeni, dirilmədən sonra göndərilən Müqəddəs Ruh vasitəsilə daha dərin olan şəklinə verir. Məcdəlli Məryəm İsaya olan böyük məhəbbətinə və acı göz yaşlarına baxmayaraq, hələ ünsiyyətin bu yeni ölçüsünə daxil olmamışdı. Onun kədəri səmimi idi, lakin İsa ondan “Mənə toxunma” deyib xahiş edərək, Məryəmin daxili çevrilməyə ehtiyacını vurğulayır. Məryəm, Müəlliminə bağlılığında dünyəvi və məhdud olan bir çox şeyləri geridə qoymalı idi ki, İsanın məhəbbəti onun ürəyini tamamilə dəyişdirə bilsin. Yalnız bu yolla o, möcüzənin – İsanın ölüm üzərində qələbəsinin əsl şahidi ola bilərdi.
İNCİL Yəhya 20,1.11-18
Həftənin ilk günü tezdən, hələ qaranlıq ikən Məcdəlli Məryəm qəbirin yanına gəldi. O gördü ki, daş qəbirin ağzından götürülüb. Məryəm isə ağlayaraq qəbirin bayırında dayanmışdı. Ağlaya-ağlaya əyilib qəbirin içinə baxdı. Orada ağ paltar geymiş iki mələk gördü: biri İsanın cəsədinin qoyulduğu yerin başında, o biri isə ayağında oturmuşdu. Onlar Məryəmdən «Ey qadın, niyə ağlayırsan?» deyə soruşdu. Məryəm də onlara dedi: «Rəbbimi qəbirdən aparıblar və hara qoyduqlarını bilmirəm». Bunu deyəndən sonra arxaya dönüb İsanın orada dayandığını gördü, amma Onun İsa olduğunu bilmədi. İsa ondan soruşdu: «Ey qadın, niyə ağlayırsan? Kimi axtarırsan?» Məryəm Onun bağban olduğunu güman edərək dedi: «Ağa, əgər Onu Sən aparmısansa, hara qoyduğunu mənə söylə, mən də Onu götürüm». İsa ona «Məryəm!» dedi. O da dönüb İsaya ibranicə «Rabbuni!» dedi. «Rabbuni» «Müəllim» deməkdir. İsa ona dedi: «Mənə toxunma, çünki Mən hələ Atanın yanına qalxmamışam. Amma qardaşlarımın yanına gedib onlara söylə: Öz Atamın – sizin Atanızın, Öz Allahımın – sizin Allahınızın yanına qalxıram». Məcdəlli Məryəm şagirdlərin yanına gəldi, onlara «Rəbbi görmüşəm!» deyib onun özünə bunları söylədiyini bildirdi.
əڲ
Məcdəlli Məryəmin öz Müəllimini tanıması üçün bir söz – onun Dirilmiş tərəfindən deyilən adı kifayət idi. Bu çağırış necə bir incəlik və qüvvətlə səsləndi ki, onun kədərinə qalib gəlib həqiqəti ona aşkar etdi! Məsih onu adı ilə çağırmaqla göstərdi ki, onun ağrısını və sevgisini çox yaxşı bilir; O, bu qadını Öz dirilməsinin ilk şahidi seçir. Bəzən kədər bizi özümüzə qapadır, həmişə yaxın olan, təsəlli verməyə və dəstək verməyə hazır olan Rəbbi görməyimizə mane olur. Böyük və kiçik əzablarımızı imanla qəbul etməklə, biz Məcdəlli Məryəm kimi oluruq və Məsihi görmək qabiliyyəti qazanırıq, Onun izzətli dirilməsinin şahidləri oluruq.