Liturgiya oxunuşları: 2 İYUL. Adi Dövrün XIII həftəsinin çərşənbəsi
BİRİNCİ OXUNUŞ Yar 21,5.8-20
İshaq doğulanda İbrahimin yüz yaşı var idi. Uşaq böyüyüb süddən kəsildi. İshaqın süddən kəsildiyi gün İbrahim böyük bir ziyafət verdi. Sara gördü ki, Misirli Həcərin İbrahimə doğduğu oğlu ona gülür. Sara İbrahimə dedi: «Bu cariyəni və onun oğlunu qov. Bu cariyənin oğlu mənim oğlum İshaqla birgə varis olmayacaq». Bu iş İbrahimi çox narahat etdi, çünki İsmail də onun oğlu idi. Allah İbrahimə dedi: «Uşaqdan və cariyəndən ötrü narahat olma. Saranın sənə söylədiyi bütün sözlərə qulaq as, çünki İshaqdan törəyənlər sənin nəslin adlanacaq. Amma cariyənin oğlundan da bir millət törədəcəyəm, çünki o da sənin nəslindir». İbrahim səhər tezdən qalxdı, çörək və bir tuluq su götürüb çiyninə qoyaraq Həcərə verdi. Uşağı da ona verib onu yola saldı. Həcər gedib Beer-Şeva çölündə dolaşdı. Tuluqda su qurtardı. O, oğlunu bir kolun altına qoydu. Sonra oradan bir ox məsafəsi qədər aralanıb uzaqda oturdu. «Oğlumun ölümünü görməyim» dedi və uşağın qarşısında oturub hönkür-hönkür ağladı. Allah uşağın səsini eşitdi. Allahın mələyi göylərdən Həcəri çağırıb dedi: «Sənə nə olub, Həcər? Qorxma, çünki uşağın oturduğu yerdən Allah onun səsini eşitdi. Qalx uşağı qaldır, onu qucağına götür. Mən ondan böyük bir millət törədəcəyəm». Allah Həcərin gözlərini açdı və o, bir su quyusu gördü. Gedib tuluğu su ilə dolduraraq uşağa içirtdi. Allah bu uşaqla idi. O böyüyüb, çöldə yaşamağa başladı və mahir oxatan oldu. O, Paran çölündə məskən saldı. Anası ona Misir torpağından bir arvad aldı.
əڲ
Qəribə görünə bilər, lakin Allah xilasını aşkar etmək üçün ən ağlasığmaz vəziyyətlərə uyğunlaşır. Hətta iki qadın arasındakı paxıllıq və qısqanclıq və onlardan birinə qarşı ədalətsiz rəftar belə yeni qurtuluş yolunun başlanğıcı ola bilər. Allah insanlara xeyir-dua vermək, onlara ümid və işıq bəxş etmək qərarına gəldikdə, heç bir şey Onu dayandıra bilməz. O, bizim zəif tərəflərimizdən və hətta bir-birimizə paxıllıqdan istifadə edərək bizə yeni yollar aça bilər. Buna görə də, çox vaxt bizim üçün çətin, əzablarımıza səbəb olan vəziyyətlər kimi görünən hallar əslində Rəbbin bizim qarşımızda açdığı yeni yollardır ki, Onun xilasedici, bəsirətli xeyir-duası aşkar olunsun. Lakin bu həqiqəti dərk etmək üçün həyatımızda olan hər şeyə iman gözü ilə baxmaq gərəkir.
İNCİL Matta 8, 28-34
İsa o biri sahildə yerləşən Qadaralıların diyarına gəldiyi zaman qəbir mağaralarından çıxan cinə tutulmuş iki nəfər Onunla qarşılaşdı. Onlar elə təhlükəli idi ki, heç kim o yoldan keçə bilmirdi. Budur, onlar bağırdılar: «Ey Allahın Oğlu, bizdən nə istəyirsən? Buraya vaxtından əvvəl bizə iztirab verməyəmi gəlmisən?» Onlardan uzaqda böyük bir donuz sürüsü otlayırdı. Cinlər İsaya yalvardılar: «Bizi qovacaqsansa, bu donuz sürüsünə göndər». İsa onlara «Gedin!» dedi. Cinlər də adamlardan çıxıb donuzların içinə girdi. Beləliklə, bütün sürü uçurumdan aşağı, gölə atılıb suda boğuldu. Donuz otaranlar isə qaçdılar, şəhərə gəlib hər şeyi və cinə tutulmuş adamların başına gələn əhvalatı xəbər verdilər. Bundan sonra bütün şəhər əhalisi İsanı qarşılamağa çıxdı. İsanı görəndə Ona yalvardılar ki, onların bölgəsindən çıxsın.
əڲ
Bugünkü İncil İsanın cinləri qovmasını təqdim edir. Bu epizod mühüm həqiqəti öyrədir: Rəbb həmişə düşmən olan şeytanı məğlub edir. Allahın qüdrəti yenilməzdir və O, Öz əbədi və qeyd-şərtsiz məhəbbəti ilə xilas qapılarını bizim üzümüzə açır. Bəşər övladının düşməninin şər əməlləri saysız-hesabsız və əhəmiyyətli olsa da, xeyir daha güclüdür və şərə qalib gəlməyə qadirdir. İsanın həyatımızda olması bizi dərindən düşünməyə məcbur edir, hərəkətsiz şəkildə axına təslim olmağa imkan vermir, əksinə fədakarlığa və çətin qərarlar qəbul etməyə təşviq edir. Uca Allah bütün insanlara azadlıq verdi və biz İsanın getməsini və onları artıq “narahat etməməsini” tərcih edən Qadaralıların qərarını təkrarlamaq riskini daşıyırıq. Gəlin Rəbbə tam etibar etmək lütfü üçün, pisliyə güzəştə getməməyin hikməti üçün, Xilaskarı həyatımıza qəbul etmək və Ona bizim xəyali özümüzə yetərliliyimizi “narahat etmək” və sarsıtmağa icazə vermək cəsarəti üçün dua edək.