Liturgiya oxunuşları: 18 İYUL. Adi Dövrün XV həftəsinin cüməsi
BİRİNCİ OXUNUŞ Çıx 11,10-12,14
Musa və Harun bütün bu möcüzələri fironun hüzurunda göstərdilər. Ancaq Rəbb fironun ürəyini inadkarlaşdırdı və o, İsrail övladlarını öz torpağından buraxmırdı. Misir torpağında Rəbb Musaya və Haruna dedi: «Bu ay sizin üçün ilin ilk ayı olacaq. Bütün İsrail icmasına söyləyin: qoy bu ayın onuncu günündə hər kəs öz ailəsi üçün bir quzu, hər ev üçün bir quzu götürsün. Əgər bir adamın ailəsi bir quzu üçün sayca azdırsa, qoy o adam evinə yaxın qonşusu ilə birgə bir quzu götürüb insanların sayına, hər kəsin yeyəcəyinə görə bölsün. Özünüzə birillik qüsursuz erkək heyvan götürün: ya qoyunlardan bir toğlu yaxud keçilərdən bir çəpiş olsun. Onu ayın on dördüncü gününə qədər saxlayın. Qoy axşamçağı bütün İsrail icmasının camaatı onu kəssin. Qurbanın qanından götürüb onu yeyəcəkləri evin qapısının hər iki yan taxtasına və üst dirəyinə sürtsünlər. Qoy həmin gecə onun ətini yesinlər; əti odda bişirib mayasız çörək və acı göyərti ilə yesinlər. Onu çiy yaxud suda qaynadılmış halda yox, başı, ayaqları və içalatı ilə birgə odda bişirilmiş halda yeyin. Ondan səhərə qədər bir şey saxlamayın və səhər qalanını yandırın. Onu belə yeyin: beliniz qurşanmış, çarıqlarınız ayağınızda və dəyənəyiniz əlinizdə olsun, onu tələsik yeyin. Bu, Rəbbin Pasxasıdır. Mən isə o gecə Misir torpağından keçəcəyəm. Misir torpağında olan həm insanların bütün ilk oğullarını, həm də heyvanların bütün ilk balalarını öldürəcəyəm. Bütün Misir allahlarına da cəza verəcəyəm. Rəbb Mənəm. Sizin olduğunuz evlər üzərindəki qan sizin üçün əlamət olacaq. Qanı görəndə yan keçəcəyəm və Misir ölkəsini cəzalandırdığım zaman sizə məhvedici bəla gəlməyəcək. Bu gün sizin üçün xatirə günü olacaq və onu Rəbb üçün bayram edəcəksiniz. Nəsildən-nəslə əbədi qayda olaraq onu bayram edin.
əڲ
Bir çox simvolik elementlər öz mənasını qədim Pasxa ayinində tapır. Əvvəlcə çobanlar tərəfindən mal-qaranın köçürülməsi ilə bağlı olan bu ritual, qurtuluş tarixində yəhudi dindarlığı üçün mərkəzi məna qazanır: həyat və ölüm, satınalma və qisas, qurban və xeyir-dua. Bunlar Pasxanın həqiqi mənasının təsviri və prototipi olan Pasxa ayininin mənalarından yalnız bəziləridir: quzuda İsa Məsih dünyanın günahını götürən Allahın həqiqi Quzusu kimi təsvir olunur. Onda hər birimiz firondan daha təhlükəli tirandan - günahdan qurtuluşu yaşayırıq. Məsih sayəsində biz həqiqətən azad olmağın nə demək olduğunu öyrənirik.
İNCİL Matta 12,1-8
O vaxtlar İsa bir Şənbə günü taxıl zəmiləri arasından keçirdi. Şagirdləri ac idi və sünbülləri qırıb yeməyə başladılar. Fariseylər bunu görüb Ona dedilər: «Budur, şagirdlərin Şənbə günü qadağan olunan işləri görürlər».İsa onlara dedi: «Davud və yanındakılar ac olanda nə etdiklərini oxumamısınızmı? O, Allahın evinə girdi; ona və yanındakılara deyil, yalnız kahinlərə yeməyə icazə verilən təqdis çörəklərini yedilər. Eləcə də Qanunda oxumamısınız ki, kahinlər məbəddə Şənbəni pozurlar, lakin təqsirsiz sayılırlar? Amma sizə deyirəm ki, məbəddən daha üstün Olan buradadır. Əgər siz “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını bilsəydiniz, təqsirsizləri məhkum etməzdiniz. Ona görə ki Bəşər Oğlu Şənbə gününün Sahibidir».
əڲ
Rəbbin sözlərində fariseylərin heç başa düşə bilmədiyi bir təlim var. Allah mərhəmət istəyir, qurban yox. Bunu anlamaq bizim üçün də çox vaxt çətin olur: bəzən biz düşünürük ki, Allahı razı salmaq üçün dini həyatımız yalnız bir sıra ibadət hərəkətləri ilə kifayətlənməlidir. Məsələ burasındadır ki, konkret əməllərdə özünü göstərən mərhəmət olmadan ibadət hərəkətlərin faydası yoxdur. Rəbbə bizə mərhəmət göstərəndə bunu Səmavi Atanın məhəbbətinin xüsusi ifadəsi kimi edir. O istəyir ki, biz Ondan aldığımız mərhəməti başqalarına da çatdıraq. Bununla belə, qonşulara mərhəmət göstərmək çox səy tələb edir. Çox vaxt bu o deməkdir ki, biz başqalarını mühakimə etməyi və qınamağı dayandırmalıyıq. Həqiqətən vacib olanı budur.