Liturgiya oxunuşları: 14 İYUL. Adi Dövrün XV həftəsinin bazar ertəsi
BİRİNCİ OXUNUŞ Çıx 1,8-14.22
Misirdə Yusifi tanımayan yeni bir padşah taxta çıxdı. O, xalqına dedi: «Baxın İsrail övladları sayca bizdən çox və daha qüvvətlidir. Gəlin onlarla ağılla rəftar edək, yoxsa çoxalar və müharibə vaxtı düşmənlərimizlə birləşib bizə qarşı vuruşar, sonra isə ölkəni tərk edərlər». Misirlilər İsrail övladlarına əziyyət vermək üçün onların üzərinə zülmkar iş nəzarətçiləri qoydular. İsrail övladları firon üçün Pitom və Ramses adlanan şəhərlər tikdilər. Orada anbarlar yerləşdirdilər. Ancaq İsrail övladlarına əziyyət vermələrinə baxmayaraq, onlar çoxalıb artırdı. Onda Misirlilər İsrail övladlarından qorxub, onları sıxıntılı əsarətdə saxladılar. Misirlilər İsrail övladlarını ağır işlərlə – palçıq tapdalamaqla, kərpic kəsməklə və hər cür tarla işləri ilə amansızcasına işlədib onların həyatını acı etdilər. Firon bütün xalqına əmr edib dedi: «İbranilərdən hər doğulan oğlan uşağını Nil çayına atın! Hər qız uşağını isə sağ qoyun».
əڲ
Köləlik həmişə insan ləyaqətinə ziddir. Buna baxmayaraq, hələ qədim zamanlarda bu nizam heç bir xüsusi problem yaratmırdı, çünki hətta İsanın dövründə belə köləlik adi bir hal idi. Lakin bu epizodda daha dərin məna var: Firon İsrail xalqını təhdid kimi qəbul edir. O, hiss edir ki, israillilər onun padşahlığı və taxtının sabitliyi üçün təhlükə yarada bilər; ona görə də bu gün “etnik təmizləmə” adlanacaq əməli etməklə, firon tədbir görmək istəyir. Lakin Allahın İsrail üçün böyük niyyətləri var və fironun pisliyi, şübhəsiz ki, Onun niyyətlərinə mane olmayacaq. Bu bizim üçün də aktualdır: Allahın bizə bəxş etdiyi nemətlərin qarşısını heç nə ala bilməz.
İNCİL Matta 10, 34-11,1
Düşünməyin ki, yer üzünə sülh gətirməyə gəlmişəm. Mən sülh deyil, qılınc gətirməyə gəlmişəm. Çünki Mən oğulu atasından, qızı anasından, gəlini də qayınanasından ayırmağa gəlmişəm. “İnsanın düşməni öz ev əhli olacaq”. Atasını ya anasını Məndən artıq sevən kəs Mənə layiq deyil. Oğlunu ya qızını Məndən artıq sevən də Mənə layiq deyil. Çarmıxını götürməyib ardımca gələn kəs də Mənə layiq deyil. Canını qoruyan kəs onu itirəcək, Mənim uğrumda canını itirənsə onu qoruyacaq. Sizi qəbul edən kəs Məni qəbul edər. Məni qəbul edən də Məni Göndərəni qəbul edər. Peyğəmbəri peyğəmbər olduğu üçün qəbul edən kəs peyğəmbərə layiq bir mükafat alacaq. Salehi saleh olduğu üçün qəbul edən də salehə layiq bir mükafat alacaq. Kim bu kiçiklərdən birinə şagird olduğu üçün hətta bir kasa soyuq su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq».
əڲ
Rəbb qılınc gətirməyə gəldiyini söyləyərkən nəyi nəzərdə tutur? Bu o deməkdir ki, Onun gətirdiyi sülh sadəcə olaraq münaqişənin olmaması demək deyil. Əksinə, İsanın sülhü şərlə davamlı mübarizənin bəhrəsidir. Rəbbin aparmaq niyyətində olduğu mübarizə insanlara və ya insan hakimiyyətlərinə qarşı deyil, Allahın və insanın düşməni olan Şeytana qarşıdır. Allaha və xeyirxahlığa sadiq qalaraq bu düşmənə qarşı müqavimət göstərmək istəyən hər kəs istər-istəməz anlaşılmazlıq və bəzən hətta təqiblərlə üzləşəcək. Buna görə də İsanın ardınca getmək və həqiqət uğrunda barışmaz mübarizə aparmaq niyyətində olanlar bilməlidirlər ki, onlar müqavimətlə qarşılaşacaqlar və hətta öz iradələrinə zidd olsa belə, insanlar arasında, hətta öz ailələrində belə parçalanma əlaməti olacaqlar. Valideynlərə məhəbbət mahiyyət etibarilə müqəddəs bir əmrdir, lakin onu heç vaxt Allaha və Məsihə olan məhəbbətdən üstün tutmaq olmaz. Beləliklə, Assizili Müqəddəs Fransiskə aid edilən məşhur ifadəyə görə, xristianlar Rəbb İsanın ardınca gedərək, “Onun sülhünün alətinə” çevrilirlər. Söhbət hansısa xəyali sülhdən getmir, gündəlik səylər nəticəsində, cəsarət və əzmkarlıqla şərə yaxşılıqla qalib gəlmək və bunun üçün lazımi qiyməti şəxsən ödəməklə əldə edilən real sülhdən gedir.