Liturgiya oxunuşları:12 İYUL. Adi Dövrün XIV həftəsinin şənbəsi
BİRİNCİ OXUNUŞ Yar 49,29-33;50,15-26a
Sonra Yaqub oğullarına vəsiyyət edib dedi: «Mən ölüb əcdadlarıma qoşulacağam. Məni atalarımın yanında – Xetli Efronun tarlasında olan mağarada basdırın. O mağara Kənan torpağında olan Mamre qarşısındakı Maxpela tarlasındadır. İbrahim o mağaranı qəbir düzəltmək üçün Xetli Efrondan tarlası ilə birlikdə satın almışdı. İbrahimlə arvadı Sara və İshaqla arvadı Rivqa orada basdırılmışdı. Mən Leanı da orada basdırdım. Həmin tarla ilə oradakı mağara Xetlilərdən satın alınıb». Yaqub oğullarına vəsiyyət edib qurtaranda ayaqlarını yatağına yığaraq son dəfə nəfəs aldı və ölüb əcdadlarına qoşuldu. Ataları öləndən sonra Yusifin qardaşları öz aralarında dedilər: «Bəlkə Yusif bizə qarşı kin saxlayır. Əgər ona etdiyimiz pisliyə görə bizdən qisas alarsa, nə edərik?» Buna görə də Yusifə xəbər göndərdilər: «Atan ölümündən qabaq bizə vəsiyyət etdi ki, gedib Yusifə belə deyin: “Bax səndən xahişim budur ki, qardaşlarının günahını və təqsirini bağışlayasan. Axı onlar sənə pislik ediblər”. Xahiş edirik, sən atanın Allahının qulları olan biz qardaşlarının günahını bağışla». Bu sözlər Yusifə çatanda o ağladı. Sonra qardaşları özləri Yusifin yanına gedib önündə yerə qapandılar və dedilər: «Biz sənin qullarınıq». Yusif onlara dedi: «Məgər mən Allaham ki, məndən qorxursunuz? Baxın siz mənə qarşı pis fikrə düşdünüz, lakin Allah onu yaxşı işə çevirdi ki, bu gün gördüyünüzü etsin və çoxlu adamın həyatını qorusun. Ona görə də qorxmayın, mən həm sizi, həm də övladlarınızı saxlayacağam». Yusif onlara ürəklərincə olan sözlərlə təsəlli verdi. Yusifin və atasının nəsli Misirdə sakin oldu. Yusif yüz on il ömür sürdü. O, Efrayimin üç nəsil övladlarını gördü. Menaşşenin oğlu Makirin övladları da Yusifin yanında doğuldu. Bir gün Yusif qardaşlarına dedi: «Mən ölürəm, amma Allah mütləq sizə nəzər salacaq. O sizi bu ölkədən İbrahimə, İshaqa və Yaquba and içdiyi torpağa aparacaq». Sonra Yusif İsrailin övladlarını and içdirib dedi: «Allah mütləq sizə nəzər salacaq. Gedən zaman mənim sümüklərimi də buradan çıxarın». Yusif yüz on yaşında öldü.
əڲ
Yusifin hekayəsi bütün ailənin barışması ilə bitir: atanın oğulları ilə, qardaşın qardaşları ilə. Bununla belə, Yusifin sözləri göstərir ki, Allah Öz qüdrətini onlara nümayiş etdirmək üçün yenidən, hətta Misir torpağında belə onların həyatına müdaxilə edəcək. Bu, Çıxış Kitabında təsvir olunan böyük hadisələr olacaq. Allah İsraili köləlikdən azadlığa çıxaracaq. Allahın bizə bəslədiyi məhəbbət, Ondan gözlədiyimizdən daha çoxunu verməyə sövq edir. O isə, bizdən iman gözləyir ki, onun vasitəsilə Allahın xeyirxahlığının və mərhəmətinin təcəllisini səbirlə gözləyək. İman sayəsində biz hər bir bəlaya qalib gələ və Allah sevgisinin möcüzələrinə şahid ola bilərik.
İNCİL Matta 10, 24-33
Şagird müəllimindən, qul da ağasından üstün deyil. Şagirdin öz müəllimi, qulun isə öz ağası kimi olması ona kifayətdir. Əgər ev sahibinə Baal-Zevul dedilərsə, onun ailə üzvlərinə bundan nə qədər artıq deyəcəklər! Beləliklə, onlardan qorxmayın. Çünki elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. Sizə qaranlıqda dediklərimi gün işığında söyləyin və qulağınıza pıçıldananı damlardan bəyan edin. Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni cəhənnəmdə məhv edə bilən Allahdan qorxun. İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə, Atanızın izni olmadan yerə düşməz. Sizin başınızdakı saçlar belə, sayılıb. Ona görə də qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz. İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm. Amma kim insanlar qarşısında Məni inkar etsə, Mən də onu göylərdə olan Atamın qarşısında inkar edəcəyəm.
əڲ
İsanın bu sözləri üç dəfə təkrarlanan ifadə ilə birləşdirilir: “Qorxmayın”. Bu cəsarətə üçlü çağırışdır. Birincisi, İsa şagirdlərini qorxmamağa çağırır, çünki müjdəçilikdə Allahın Özü hərələt edir, buna görə də heç bir insan qüvvəsi buna mane ola bilməz. Daha sonra Rəbb onları yenə də qorxmamağa çağırır, çünki şagirdlərin yollarında qarşılaşacaqları təqibçilər hətta onların yer üzündəki həyatını da ala bilərlər, lakin əsl məna kəsb edən əbədi həyatı ala bilməyəcəklər. Nəhayət, İsa onlara qorxmamağı deyir, çünki Səmavi Ata Öz övladlarının qayğısına qalır və onların müjdəçilik işində qarşılaşa biləcəkləri təhlükələrdən xəbərdardır. Hər kəs, hətta ən qorxmaz müjdəçilər belə, səhv başa düşülmək, ələ salınmaq, təcrid olunmaq, tərk edilmək, təqib edilmək, öldürülmək qorxusunu yaşayıblar. Buna görə də İsa şagirdlərinə, bu gün isə bizə yenidən söyləyir: “Qorxmayın, Mən hər birinizinləyəm!”