MAP

2020.05.18 Vangelo del giorno apparizione di Cristo Risorto ai discepoli

Liturgiya oxunuşları: 10 İYUL. Adi Dövrün XIV həftəsinin cümə axşamı

“Biz Allahın yaxın olduğunu necə bəyan etməliyik? İncildə İsa uzunçuluqdan çəkinməyi və Rəbbin adı ilə çoxlu sevgi və ümid əməlləri yerinə yetirməyi tövsiyə edir: “Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin” (Matta 10, 8). Müjdəçilik - fədakar şəhadət və xidmətdir” (Papa Fransisk, Rəbbin Mələyi 18.06.2023).

BİRİNCİ OXUNUŞ Yar 44,18-21.24-29;45,1-5

Yəhuda ona yaxınlaşıb dedi: «Ey ağam, xahiş edirəm ki, qulunun dediyi sözlərə qulaq as və quluna qarşı qəzəbin alovlanmasın, çünki sən firon kimi bir adamsan. O zaman ağam qullarından “Sizin atanız yaxud qardaşınız varmı?” deyə soruşanda biz ağamıza söyləmişdik: “Bizim bir qoca atamız və onun da ixtiyar çağında doğulan bir kiçik uşağı var. Onun bir qardaşı öldü, anasından doğulan yalnız o qaldı. Atası onu çox sevir”. Sən qullarına demişdin: “Onu mənim yanıma gətirin ki, öz gözümlə görüm”. Sənin qulun atamın yanına gəldiyimiz zaman ağamızın sözlərini ona çatdırdıq. Atamız dedi: “Yenə gedin, bizə bir az ərzaq alıb gətirin”. Biz dedik: “Gedə bilmərik. Kiçik qardaşımız bizimlə getsə, gedərik, kiçik qardaşımız bizimlə getməsə, o adamın gözünə görünə bilmərik”. Sənin qulun atam bizə dedi: “Bilirsiniz ki, arvadım mənə iki oğul doğdu. Bir oğlum yanımdan getdi və dedim ki, onu yəqin vəhşi bir heyvan parçalayıb; indiyə qədər o oğlumu görməmişəm. Bu oğlumu da yanımdan aparsanız və onun başına bir iş gəlsə, ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz”. Yusif yanında duranların hamısının önündə özünü saxlaya bilməyib qışqırdı: «Hamını yanımdan çıxarın». Yusif özünü qardaşlarına tanıtdığı zaman yanında heç kəs yox idi. O hönkürüb ağladı. Misirlilər və fironun saray adamları eşitdilər. Yusif qardaşlarına dedi: «Mən Yusifəm. Atam hələ sağdırmı?» Qardaşları ona cavab vermədilər, çünki çaşıb qalmışdılar. Yusif qardaşlarına dedi: «Mənə yaxın gəlin». Onlar yaxın gəldilər. Yusif dedi: «Misirə satdığınız qardaşınız Yusif mənəm. İndi məni buraya satdığınız üçün kədərlənməyin və təəssüflənməyin, çünki Allah həyatınızı qorumaq üçün məni sizdən qabaq buraya göndərdi.

əڲ

Həyatda baş verən hadisələrə iman gözü ilə baxmaq asan deyil. Başımıza gələn hadisələri izah etmək üçün bir çox müxtəlif yollar var, xüsusən də iman nəzərini istisna etsək. Qardaşlarının qarşısında dayanan Yusif bütün digər mülahizələri bir kənara qoyur: o, baş verən faciəli hadisələri və özünün  Misirdə hakimiyyətə gəlməsini Allahın İbrahimin nəslinə olan lütfünün əlaməti kimi şərh edir. Həqiqətən də, tarix yoxsulların və salehlərin himayəçisi olan Allah tərəfindən idarə olunur! O, insanın bütün tarixini canlandırır və onu yaxşılığa yönəltmək imkanı verir. Beləliklə, həyatın müxtəlif vəziyyətlərində Allaha və Onun xoş niyyətinə sadiq olan möminlər Onun xilasedici hüzurunun əlamətlərini görmək üçün tarixi xristian imanı nöqteyi-nəzərindən dərk etməlidirlər.

İNCİL Matta 10, 7-15

Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin. Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin. Qurşağınızda nə qızıl, nə gümüş, nə də mis götürün. Yol üçün nə torba, nə iki köynək, nə çarıq, nə də əsa götürün. Çünki işçi öz azuqəsinə layiqdir. Hansı şəhərə ya kəndə girsəniz, orada ləyaqətli kimdirsə, axtarın və yola çıxanacan onun evində qalın. O evə girərkən ev sakinlərini salamlayın.  Əgər ev layiqdirsə, əmin-amanlığınız onun üzərinə gəlsin; layiq deyilsə, əmin-amanlığınız özünüzə qayıtsın. Kim sizi qəbul etməyib sözlərinizi dinləməzsə, o evdən və ya şəhərdən çıxarkən ayaqlarınızın tozunu çırpın. Sizə doğrusunu deyirəm: qiyamət günü Sodom və Homorra diyarının halı o şəhərin halından daha asan olacaq.

əڲ  

İsanın bu sözləri üzərində necə də dərindən düşünməliyik! Biz hər şeyi Allahdan almışıq, təmənnasız almışıq, layiq olduğumuz üçün yox, tam müftə almışıq. Bu o deməkdir ki, əgər Allah bizə Öz lütfünü verirsə, bunu biz yaxşı olduğumuz üçün deyil, sadəcə olaraq Onun gücü zəifliyimizdə üzə çıxsın deyə edir. Biz isə, əksinə, kimin Allaha layiq olduğuna, kimin olmadığına öz aramızda qərar verərək, insanları mühakimə edirik! Bu, Rəbbin bizdən tələb etdiyinə ziddir: lütfən, mühakimə etməyin və qınamayın, çünki insanın ürəyini yalnız O bilir.

09 iyul 2025, 21:43