Liturgiya oxunuşları: 1 İYUL. Adi Dövrün XIII həftəsinin çərşənbə axşamı
BİRİNCİ OXUNUŞ Yar 19,15-29
Səhər açılanda mələklər Lutu tələsdirərək dedilər: «Qalx yanındakı arvadını və iki qızını götür get, yoxsa şəhərdəkilərin günahlarına görə məhv olacaqsan». Lut yavaş tərpəndi. Rəbb ona mərhəmət etdiyinə görə həmin şəxslər onun, arvadının və iki qızının əlindən tutub şəhərdən kənara çıxartdılar. Onları çıxaran zaman mələklərdən biri dedi: «Öz canını qurtar, arxana baxma. Bu düzənliyin heç yerində qalma, dağa qalx, yoxsa həlak olarsan». Lut onlara dedi: «Aman, ağam! İndi bu qulun sənin gözündə lütf tapdı və canımı xilas etməklə mənə göstərdiyin xeyirxahlığını çoxaltdın. Ancaq dağa çata bilmərəm, çünki bəla mənə də yetişə bilər və həlak olaram. Yaxınlıqda qaça biləcəyim kiçik bir şəhər var. Qoy oraya qaçıb canımı qurtarım. Axı o şəhər kiçikdir». Mələklərdən biri Luta dedi: «Sənin xatirinə bunu da edərəm: dediyin şəhəri dağıtmaram. Tez ol, oraya qaç! Sən oraya çatmamış Mən bir şey etməyəcəyəm». Buna görə də o şəhər Soar adlandı. Günəş doğanda Lut Soara gəldi. Rəbb Sodom və Homorranın üzərinə göydən odlu kükürd yağdırdı, bu şəhərləri, bütün düzənliyi, oranın bütün sakinlərini və torpaqda bitən hər şeyi məhv etdi. Ancaq Lutun arvadı dönüb geriyə baxdı və duz sütununa çevrildi. İbrahim səhər erkən qalxıb Rəbbin önündə durduğu yerə getdi. Oradan Sodom və Homorraya, bütün düzənliyə baxdı. O, yerdən kürə tüstüsü kimi bir tüstü qalxdığını gördü. Allah düzənlikdəki şəhərləri məhv etdiyi zaman İbrahimi xatırladı, buna görə də Lutun yaşadığı şəhərləri dağıdarkən onu fəlakət içindən çıxartdı.
əڲ
Lutun yaşadıqları bizi günaha münasibətimiz haqqında düşünməyə vadar edir. Allah Sodomu məhv etmək qərarına gəldi, lakin O, Lutu və ailəsini xilas etmək istəyir. Lut qaçmaq qərarına gəlir, amma zamanı gələndə tərəddüd edir. Onun davranışı pislikdən, günahdan ayrılmaq qabiliyyətsizliyini ifadə edir: biz də günahdan qaçmaq istəyirik, qərarlı görünürük, amma nəsə bizi geri çəkir. Lut hətta Rəbbdən xahiş edir ki, onu dağlara qaçmağa məcbur etməsin, daha kiçik və daha yaxın bir şəhərə getməsinə icazə versin. Ola bilsin ki, bu, günaha bir az olsa belə da yaxın qalmaq, ondan çox da uzaqlaşmamaq vəsvəsəsindən danışır. Günahlı vəziyyətdən çıxmaq çox çətindir, lakin Allahın səsi bizə deyir: "Qaç! Sən mübarizə aparmaq gücündə deyilsən, çünki od və kükürd səni də öldürəcək. Qaç!" Müqəddəs Körpə İsanın Terezası öyrədir ki, bəzən müəyyən sınaqlar qarşısında acizliyimizi etiraf edib qaçmaq lazımdır. Mələk Lutu xəbərdar edir ki, heç bir halda geriyə baxmasın. Bu, günaha meyilliyə qalib gəlmək üçün hikmətli məsləhətdir. Arxaya baxmadan, Lutun arvadını məhv edən marağın öhdəsindən gələrək irəli getmək. Deməli, biz günahdan arxaya baxmadan qaçmalı və günaha marağın məhvedici olduğunu unutmamalıyıq. Çünki biz zəifik, həssasıq, yıxılmağa meylliyik; biz özümüzü müdafiə etmək üçün səy göstərməliyik.
İNCİL Matta 5, 13-16
İsa qayığa mindiyi zaman şagirdləri də Onun ardınca getdi. Göldə elə böyük tufan qopdu ki, qayıq dalğalarla örtüldü. Amma İsa yatırdı. Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ya Rəbb, bizi xilas et, biz həlak oluruq!» İsa onlara «Ey imanı az olanlar, niyə qorxursunuz?» dedi. Sonra durub küləklərə və gölə qadağan etdi, onda dərin sükut çökdü. Onlar heyrət içində qalıb dedilər: «Bu necə bir Adamdır ki, küləklər də, göl də Ona itaət edir?»
əڲ
Həvarilər qayıqda olarkən qəflətən fırtına başlayır və dalğalar qayığı örtür. Qorxudan həvarilər özlərini artıq həlak olmuş hesab edirlər. Xristianlar üçün qorxu şərin bir sınağıdır. Biz çox vaxt Rəbbin ardınca getməkdən qorxuruq, bir yerdə qalmağa üstünlük veririk: "Görəsən, Rəbb məni hara aparacaq?" Qorxu pis məsləhətçidir. Rəbb İsa dəfələrlə deyib: “Qorxmayın!”. Buna görə də bugünkü İncil səhifəsi xüsusi bir ümid mesajı daşıyır: Məsih həmişə bizimlədir, tez-tez çətinliklərə və fırtınalarla məruz qalan həyatımızın gəmisindədir. Çətin vəziyyətlərdə olduğumuz zaman qorxunun bizə qalib gəlməsinə imkan verməməliyik: sadəcə olaraq, İsaya həyatımızın Xilaskarına, mərhəmətli Rəbbimizə kimi güvənərək Onu “oyatmağa” tələsməliyik.