Liturgiya oxunuşları: 5 İYUN. Pasxanın VII həftəsinin cümə axşamı
BİRİNCİ OXUNUŞ Həv 22,30;23,6-11
Minbaşı ertəsi gün Yəhudilərin Paulu nədə ittiham etdiklərini dəqiq öyrənmək istədi. Ona görə Paulu azad etdi. Minbaşı əmr verdi ki, başçı kahinlərlə bütün Ali Şura toplaşsın. Sonra Paulu aşağı endirib onların qarşısına gətirdi. Onların bir hissəsinin sadukey, digər hissəsinin isə farisey olduğunu bilən Paul Ali Şuraya nida etdi: «Ey qardaşlar, mən farisey oğlu fariseyəm. Ölülərin dirilməsinə ümid bəslədiyim üçün burada mühakimə olunuram». Paulun bu sözündən sonra fariseylərlə sadukeylər arasında çəkişmə başladı və toplantı iki hissəyə ayrıldı. Çünki sadukeylər iddia edirlər ki, ölümdən dirilmə, mələk və ruh yoxdur. Əksinə, fariseylər bunların hamısına inanırlar. Toplantıda böyük bir hay-küy yarandı. Farisey tərəfini tutan bəzi ilahiyyatçılar qalxıb dava yaradaraq belə deyirdilər: «Bu adamda heç bir günah görmürük. Nə olsun ki, onunla bir ruh və yaxud mələk danışıb». Çəkişmə o qədər qızışdı ki, minbaşı onların Paulu parçalayacağından qorxdu. O, əsgərlərə əmr etdi ki, aşağı enib Paulu zorla onların arasından çıxararaq qalaya aparsınlar. O gecə Rəbb Paulun yanında dayanıb dedi: «Cəsarətli ol, Yerusəlimdə Mənim haqqımda etdiyin şəhadəti Romada da etməyin lazımdır».
əڲ
Həvari Paul dəfələrlə şəhadət edir ki, Müjdənin mərkəzi olan xəbər budur: Rəbb İsa öldü və üç gün sonra yenidən dirildi, yenidən danışmaq, öyrətmək və hətta yemək qabiliyyətinə sahib oldu. Bütpərəstlər üçün bunu qəbul etmək o qədər çətin idi ki, Afinada Paul məsxərəyə qoyuldu və rədd edildi. Rəsmi yəhudilikdə dirilmə mübahisəli idi; Sinedrionda bunu qətiyyətlə inkar edənlər də var idi. Bu o deməkdir ki, iman edənıər və imansızlar arasında həlledici meyar ölülərdən dirilmədir. Xristianlıq sadəcə əxlaqi göstərişlər toplusu deyil, canlı faktdır, hadisədir, canlı Şəxslə, dirilmiş Rəbb İsa Məsihlə şəxsi görüşdür. Əgər biz Onu tanımırıqsa və onunla görüşmürüksə, bizim xristianlığımız içi boş olaraq qalır. Müqəddəs Paul yazır: “Əgər Məsih dirilməyibsə, onda həm bizim vəzimiz puç, həm də sizin imanınız puçdur.” (1 Kor 15, 14). İsa sağdır, çünki O, dirildi və indi iman və lütf içində yaşayanların hamısı Onu həqiqətən görür, Onunladır və Onu sevir. Rəbb Paula görünür və deyir: “Cəsarətli ol!” (Həv 23, 11). Bütün xristianların, müjdəçilərin və şahidlərin ehtiyacı budur. Odur ki, cəsarət bizimlə olsun!
İNCİL Yəhya 17,20-26
Yalnız onlar üçün deyil, onların sözü ilə Mənə iman edənlər üçün də xahiş edirəm ki, hamısı bir olsun. Ey Ata, Sən Məndə, Mən də Səndə olduğum kimi onlar da Bizdə olsun ki, dünya Sənin Məni göndərdiyinə inansın. Mənə verdiyin izzəti Mən də onlara verdim ki, Biz bir olduğumuz kimi onlar da bir olsun. Mən onlarda, Sən də Məndə olmaqla bütünlüklə bir olsunlar ki, dünya Sənin Məni göndərdiyini, Məni sevdiyin kimi onları da sevdiyini bilsin. Ey Ata, istəyirəm ki, Mənə verdiyin şəxslər də Mənim olduğum yerdə Mənimlə birlikdə olub Mənim izzətimi görsünlər. Bu izzəti dünya yaranmazdan əvvəl Məni sevdiyin üçün Mənə verdin. Ey ədalətli Ata, dünya Səni tanımadı, Mənsə Səni tanıdım, bunlar da Sənin Məni göndərdiyini bildilər. Sənin adını onlara bildirdim və yenə bildirəcəyəm ki, Sənin Mənə bəslədiyin məhəbbət onlarda olsun, Mən də onlarda olum».
əڲ
Müqəddəs Yəhyanın İncilində təsvir olunan Rəbbin Kahin Duası sona yaxınlaşır. Bugünkü hissədə İsa həvarilərinin öz aralarında bir olması üçün təkrar-təkrar dua edir. Məsih On iki nəfəri elə seçir ki, müxtəlif təbəqələrdən olan insanlar təmsil olunsun: gənc və yaşlı, təhsilli və savadsız, subay və evli, kobud və mədəniyyətsiz hesab edilən şimallılar və ziyalı sayılan cənublular. Həvarilər çox fərqli idilər və bilirik ki, bəzən öz aralarında mübahisə edirdilər. İsanın son göstərişlərini dinləyərək, onlar Ustadın xeyir-duasını alırlar ki, paxıllıqdan, qısqanclıqdan və bu kimi şeylərdən azad olsunlar. Birlik - Məsihin böyük məqsədidir, çünki bir olan ə dünyaya onda olmayan və heç vaxt sahib olmayacağı ənamları gətirir: məhəbbəti və Müqəddəs Ruhu. Beləliklə, gəlin özümüzdən soruşaq: biz həqiqətən başqa vəftiz olunmuş insanlarla, qonşularımızla bir ola bilirikmi? Ailəmizdə, icmamızda, yeparxiyamızda bir ola bilirikmi? Gəlin İsaya duada qoşulaq və Onun xeyir-duasını bu gün, gecikmədən alaq.