Liturgiya oxunuşları: 27 İYUN. İSANIN ƏQDƏS ÜRƏYİ BAYRAMI
BİRİNCİ OXUNUŞ Yez 34, 11-16
Çünki Xudavənd Rəbb belə deyir: “Mən Özüm qoyunlarımı soruşub axtaracağam. Dağılışmış qoyunlarının arasında olan bir çoban sürüsünü necə yoxlayırsa, Mən də qoyunlarımı eləcə yoxlayacağam. Buludlu və qaranlıq bir gündə ətrafa səpələndikləri hər yerdən onları qurtaracağam. Onları xalqların arasından çıxaracağam, ölkələrdən toplayıb öz torpaqlarına gətirəcəyəm. İsrail dağlarında, vadilərdə, ölkənin bütün məskuni yerlərində onları otaracağam. Onları gözəl bir otlaqda otaracağam. Yaylaqları İsrailin uca dağları üzərində olacaq. Orada gözəl bir yaylaqda yatacaqlar. İsrail dağları üzərində olan sıx otlaqda otlayacaqlar. Sürümü Mən Özüm otaracağam, onları Mən Özüm yatıracağam” Xudavənd Rəbb belə bəyan edir. “İtəni axtaracaq, azanı geri qaytaracaq, yaralı olana sarğı qoyacaq, xəstə olana qüvvət verəcək, ancaq harınlayanları və güclü olanları həlak edəcəyəm. Mən qoyunlarımı ədalətlə otaracağam”.
əڲ
Çoban sürüsünün həyatına böyük diqqətlə qayğı göstərir: o, köç zamanı çöldə qalır və qoyunları qorumaq üçün onların yanında yatır. Çobanın həyatı onun sürüsüdür; qoyunlar hiss edir ki, o, onları istiqamətləndirir, onları qoruyur və sevir. Rəbb İsa Özünü kamil Çobana bənzədir və biz həmişə Onun bizə nəzər saldığını, qayğısını və məhəbbətini hiss edə bilərik. Xristianlıqda ən çətin olan - İsanın bizimlə həqiqətən maraqlandığına, həyatımızın hər bir tərəfinin Onun üçün qiymətli olduğuna inanmaqdır. Bəzən ətrafımız üçün əhəmiyyətsiz və onlar tərəfindən sevilmədiyimiz fikrinə o qədər öyrəşmiş oluruq ki, sonsuz və hər şeyə qadir olan Allahın bu qədər başqa qayğıları olduğu halda bizə “vaxtını sərf etməsi” gözümüzdə qeyri-mümkün görünür. Bu halda iman Allahı sevdiyimizə inanmaqdan daha çox, Onun məhəbbətinin son məqsədi olduğumuza inanmaqdır. Bəzi mistiklər deyirlər ki, biz “Allahın səmasıyıq”. Ola bilərmi ki, O, bizi o qədər tanısın və sevsin ki, Öz sevincini bizdə tapsın? Bununla belə, əgər biz Məsihdəyiksə, bu, məhz belədir. Gəlin özümüzdən soruşaq: Allahın bizi sonsuz sevdiyinə nə qədər əminik? Bu inam nə dərəcədə bizim həyat yolumuza çevrilir?
İKİNCİ OXUNUŞ Rom 5, 5-11
Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb. Biz hələ gücsüz ikən Məsih müəyyən zamanda allahsız adamların uğrunda öldü. Saleh bir adam uğrunda kiminsə ölməsi çətin işdir; bəlkə də yaxşı bir adam uğrunda kimsə ölməyə cəsarət edər. Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü. Beləcə Onun qanı ilə indi saleh sayıldığımıza görə Onun vasitəsilə də Allahın qəzəbindən mütləq xilas olacağıq. Əgər biz Allahın düşməni olduğumuz vaxt Onun Oğlunun ölməsi ilə Allahla barışdıqsa, barışdıqdan sonra Onun həyatı vasitəsilə daha qəti olaraq xilas olacağıq. Yalnız bununla deyil, Rəbbimiz İsa Məsih vasitəsilə Allahla da fəxr edirik ki, indi Onun vasitəsilə Allahla barışığa nail olmuşuq.
əڲ
Allah sevgisi ən yaxşı şəkildə Romalılara məktubun bu parçasında ifadə edilib. İsa, biz “hələ günahkar” olduğumuz zaman, bizə görə öldü. Yaxşı insanlar üçün, hətta yad, lakin günahsız insanlar üçün ölməyə hazır olan birinin qəhrəmanlığını başa düşmək olar, məsələn, heç bir cinayət etməmiş insanların əvəzinə güllələnmək üçün özünü qurban verən Allahın xidmətçisi Salvo D'Akuistonun məşhur hərəkətində olduğu kimi. Ancaq səni ələ salan, səni rədd edən pis insanlar üçün əzab çəkib ölmək “anormal” sevginin, fövqəltəbii sevginin ifadəsidir. Həqiqətən də, Allahın məhəbbəti təbiətin fövqündə durur. Allahın ənamı, onu qəbul edənin dəyəri ilə müəyyən edilmir, əksinə, bu ənamın məqsədi insanın özüdür. Rəbb sevir, çünki O, məhəbbətin özüdür və buna görə də O, heç nəyə baxmayaraq Özünü bəxş edir. Bir sözlə, Allah sevgisi təmənnasız və fədakardır. Biz, bizi sevənləri sevəndə qeyri-adi heç nə etmirik. Lakin bizimlə pis rəftar edən və ya bizə zərər verənlər üçün əziyyət çəkməyə və ya dua etməyə hazır olduğumuz zaman, Allahın məhəbbəti bizdə hərəkət etməyə başlayır.
İNCİL 15, 3-7
Amma İsa onlara bu məsəli çəkdi: «Sizlərdən birinin yüz qoyunu olsa və onlardan birini itirsə, doxsan doqquzunu çöldə qoyub itmiş qoyunu tapanadək onu axtarmazmı? Tapanda isə onu sevinclə çiyinlərinə qoyar. Evə gələndə öz dostlarını və qonşularını çağırıb belə deyər: “Mənimlə birlikdə sevinin, itmiş qoyunumu tapmışam!” Sizə bunu deyirəm: beləcə də göydə tövbə edən bircə günahkara görə tövbəyə ehtiyacı olmayan doxsan doqquz saleh insan üçün olduğundan daha çox sevinc olacaq.
əڲ
Rəbbin İncildə söylədiyi qısa məsəlin əsas mövzusu sevincdir. Qoyunlarından biri təhlükədə olduğu üçün çoban əvvəlcə narahat olur, lakin onu tapanda sevinir və dostlarını sevincinə şərik olmağa dəvət edir. Bu o deməkdir ki, sevinc paylaşılanda həqiqi sevincə dönür. Bu, cənnətin obrazıdır, harada ki birinin sərvəti başqaları üçün də əlçatandır. Cənnət ahəngdar birgəyaşayış yeridir. Biz onu təsəvvür etməkdə çətinlik çəkirik, çünki yer üzündə günah bizi bir-birimizdən uzaqlaşdırıb və aldığımız nemətləri qeyd-şərtsiz bölüşmək bizim üçün çətin olur. Bir günahkar iman gətirəndə, hansısa bir dostumuz, dünyanın bəhrəsiz və təhlükəli otlaqlarında, bəlkə də pislikdə keçirdiyi uzun illərdən sonra Allaha tərəf dönəndə, biz artıq həmin “ümumi sevincin” parıltısını görə bilirik. Beləliklə, həqiqi sevinc həyatın həmişə dəyişkən olan zahiri hadisələrindən asılı deyil, paylaşılan lütfdən, xüsusən də Allaha tərəf həqiqi dönüşdən qaynaqlanan lütfdən asılıdır.