Liturgiya oxunuşları: 4 İYUN. Pasxanın VII həftəsinin çərşənbəsi
BİRİNCİ OXUNUŞ Həv 20,28-38
Həm özünüzə, həm də Müqəddəs Ruhun sizi nəzarətçilər təyin etdiyi bütün sürüyə diqqətlə baxın. Allahın Öz Oğlunun qanı bahasına əldə etdiyi bu cəmiyyətini bəsləyin. Bilirəm ki, mən gedəndən sonra sürüyə rəhm etməyən yırtıcı canavarlar aranıza soxulacaq. Aranızdan təhrif edilmiş sözlər deyən, şagirdləri özlərinin ardınca çəkmək istəyən adamlar çıxacaq. Buna görə oyaq olun. Üç il boyu, fasiləsiz, gecə-gündüz göz yaşı tökərək hər birinizə necə nəsihət verdiyimi yada salın.İndi isə mən sizi Allaha və Onun lütfü barədəki kəlamına əmanət edirəm. Bu kəlam sizi inkişaf etdirib təqdis olunmuş bütün insanlar arasında irsə qovuşdurmağa qadirdir. Mən heç kimin nə qızılına, nə gümüşünə, nə də pal-paltarına göz dikmişəm. Siz də bilirsiniz ki, bu əllər həm mənim, həm də mənimlə olanların ehtiyaclarını təmin etdi. Gördüyüm hər işdə Rəbb İsanın “vermək almaqdan daha çox bəxtiyarlıq gətirər” sözünü yaddan çıxarmayıb belə əmək sərf edərək zəiflərə kömək etməyin vacibliyini sizə göstərdim». Paul bu sözləri söyləyəndən sonra diz çöküb onlarla birlikdə dua etdi. Sonra hamısı ağlayaraq Paulun boynuna sarıldı və onu öpdü. Onlar ən çox «mənim üzümü bir də görməyəcəksiniz» sözündən kövrəldilər. Sonra onu gəmiyə qədər yola saldılar.
əڲ
Müqəddəs Paul şagirdləri ilə Efesdə vidalaşır. Lakin o, sentimentallığa yol vermir, əksinə xəbərdarlıq edir, öyüd-nəsihət verir, ayıqlığa çağırır. Həvari yalnız davamçıları cəlb etmək və yeganə Çobanın - Məsihin yerini tutmaq üçün yalan təlimləri elan edən yalançı peyğəmbərlərə aldanmamağı xahiş edir. Belə insanlar ifşa edilməli və rədd edilməlidir. Hər bir xristian icması həssasdır. Buna təəccüblənməməliyik, çünki hər bir prixod, yeparxiya və kilsə qrupu öz zəif cəhətləri olan insanlardan ibarətdir. Keşişdən qətiyyətli və səbirli olmaq tələb olunur, o, azğınlığa aparan pozucu elementləri sürüyə buraxmamalıdır. Həvarinin burada danışdığı “zəiflər” yoxsullar deyil, qərarsız, qeyri-müəyyən, qeyri-sabit insanlardır. Onları hər cür dəstəkləmək və həvəsləndirmək lazımdır. “Vermək almaqdan daha çox bəxtiyarlıq gətirər” kəlamı da gözəldir. Müqəddəslər bu “verməyin” mənasını mükəmməl başa düşdülər və buna görə də özlərini Allaha və yaxınlarına ölçü-biçimsiz verdilər. Onlar Cənnət Padşahlığını qəbul etdilər, lakin bu həyatda hər cür sevinclə dolaraq özlərini təmənnasızcasına qurban verdilər.
İNCİL Yəhya 17,11b-19
Ey Müqəddəs Ata, onları Mənə verdiyin adınla qoru ki, Bizim kimi bir olsunlar. Onlarla birlikdə olduğum zaman onları Mənə verdiyin adınla qoruyurdum. Onları saxladım və Müqəddəs Yazı yerinə yetsin deyə həlaka gedən adamdan başqa, onlardan heç biri həlak olmadı. İndi isə Sənin yanına gəlirəm. Dünyada ikən bu sözləri söyləyirəm ki, Mənim sevincim onlarda kamil olsun. Mən onlara Sənin sözünü verdim. Dünya isə onlara nifrət etdi, çünki Mən dünyadan olmadığım kimi onlar da dünyadan deyil. Onları dünyadan götürməyi deyil, şər olandan qorumağı Səndən xahiş edirəm. Mən dünyadan olmadığım kimi onlar da dünyadan deyil. Onları həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir. Sən Məni dünyaya göndərdiyin kimi Mən də onları dünyaya göndərdim. Mən Özümü onların uğrunda təqdis edirəm ki, onlar da həqiqətlə təqdis olunsun
əڲ
İsanın “Kahin duası” davam edir. İncil fəslinin bu mərkəzi hissəsində Rəbb bu dünya ilə Allahın Padşahlığı arasında dərin fərq qoyur və Səmavi Atadan həvariləri həqiqətlə təqdis etməyi xahiş edir. Təqdis etmək - müqəddəs etmək deməkdir. İsa xahiş edir ki, Onun dostları həqiqətən də müqəddəs olsunlar, təqdis olunmuş olsunlar və yaxşılığa, həqiqətə və ədalətə möhkəm inamla Allahın həqiqəti ilə dolsunlar. Həqiqətlə təqdis olunan bu dünyanın gözqamaşdırıcı vəsvəsələrinə təslim olmaz, çünki dünya ilə Allah arasındakı ziddiyyət mütləqdir: kim birində qalsa, digərində qala bilməz. Beləliklə, bu həvarilər (və biz də) bu yer üzündə yaşamaq, başqaları ilə əməkdaşlıq etmək, eyni zamanda hamını Oğul vasitəsilə Atan tanımaq olan həqiqətin dolğunluğuna dəvət etmək üçün həqiqətlə təqdis olunublar. Dünyanın xilasa ehtiyacı var və o, xristianların məhəbbəti və etibarlı şəhadətləri vasitəsilə əbədi qurtuluş yolunu dərk edə bilər.