Liturgiya oxunuşları: 3 İYUN. Pasxanın VII həftəsinin çərşənbə axşamı
BİRİNCİ OXUNUŞ Həv 20,17-27
Paul Miletdən Efesə xəbər göndərərək cəmiyyət ağsaqqallarını yanına çağırtdırdı. Yanına gələndə onlara belə dedi: «Asiya vilayətinə qədəm basdığım birinci gündən bəri sizinlə olduğum dövrdən bu vaxta qədər özümü necə apardığım sizə məlumdur. Yəhudilərin qəsd-qərəzi vasitəsilə sınaqlardan keçərkən Rəbbə tam itaətkarlıqla, göz yaşı içində qulluq edirdim. Xeyirli olan hər şeyi sizə bəyan edərək istər açıq, istərsə də evdən-evə gəzib-dolaşaraq təlim verməkdən çəkinmədim. Həm Yəhudiləri, həm də Yunanları tövbə edib Allaha tərəf dönməyə və Rəbbimiz İsaya iman gətirməyə çağırdım. İndi də Ruhun təkidi ilə Yerusəlimə gedirəm və orada başıma nə gələcəyini bilmirəm. Lakin Müqəddəs Ruh hər şəhərdə xəbərdarlıq edirdi ki, məni zəncirlər və əziyyətlər gözləyir. Öz canıma heç əhəmiyyət vermirəm, onu qiymətləndirmirəm. Mənə kifayətdir ki, yolumu – Rəbb İsanın mənə tapşırdığı kimi Allahın lütfünü göstərən Müjdəni şəhadətetmə xidmətini başa çatdırım. İndi aranızda dolaşıb Padşahlıq barədə vəz etdiyim sizlərdən heç biriniz mənim üzümü bir də görməyəcək. Ona görə bu gün bunu sizə bəyan etmək istəyirəm ki, mən təmizəm, heç kimin qanına bais olmamışam. Çünki mən çəkinmədən Allahın bütün iradəsini sizə çatdırmışam.
əڲ
Müqəddəs Paul Efesə qayıtmayacağını bilə-bilə oradakı icma ilə vidalaşır. Bu vida anında əsas olan - görülən işə görə Rəbbə şükür etməkdir, əgər insan həmin işi vicdanla, gizli niyyətlər olmadan, ancaq Allahın izzəti üçün, ona verilən ənam və qabiliyyətləri inkişaf etdirməklə yerinə yetirib. Biz etdiklərimizə çox bağlı olmamalıyıq, çünki gec-tez biz də hər şeyi tərk edəcəyik. Həvari nəsihət verir: təqiblərə məruz qalıb-qalmamağımızdan, tanınıb-tanınmamağımızdan asılı olmayaraq, hər şeyi Rəbbin nurunda, insanların xilası və ənin rifahı üçün etməliyik. Ən yüksək mükafat Allahın Özüdür. Təbii ki, insan Rəbb üçün çalışanda ona əmanət edilən insanlardan da çoxlu təşəkkürlər alır. Ancaq nəticədə biz bundan da azad olmalıyıq, çünki həmişə Məsihlə birlikdə olmaq imkanı artıq ən böyük mükafatdır. Buna görə də, şəhidlər son saatlarında ürəklərində sülh ilə ölürlər: onlar üçün önəmli olan geridə qoyduqları deyil, qazandıqlarıdır. Onlar bizi cənnətdə gözləməyə gedirlər.
İNCİL Yəhya 17,1-11a
İsa bunları söylədikdən sonra başını göyə qaldırıb dedi: «Ey Ata, vaxt gəldi; Öz Oğlunu izzətləndir ki, Oğul da Səni izzətləndirsin. Sən Ona bütün bəşər üzərində səlahiyyət verdin ki, Ona verdiyin şəxslərin hamısına əbədi həyat versin. Əbədi həyat da budur ki, Səni – yeganə həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar. Mən yerinə yetirməyi tapşırdığın işi tamamlamaqla Səni yer üzündə izzətləndirdim. Ey Ata, dünya yaranmazdan əvvəl Mən Sənin yanında olarkən malik olduğum izzəti indi Mənə Öz yanında ver. Dünyadan Mənə verdiyin adamlara Sənin adını aşkar etdim. Onlar Səninki idi. Sən onları Mənə verdin və onlar Sənin sözünə riayət etdilər. İndi də bilirlər ki, Mənə verdiyin bütün şeylər Səndəndir. Çünki Mənə bildirdiyin sözləri onlara bildirdim, onlar da qəbul etdilər. Sənin yanından çıxıb gəldiyimi əminliklə bildilər və Məni Sən göndərdiyinə inandılar. Mənim onlar üçün xahişim var. Dünya üçün deyil, Mənə verdiyin kəslər üçün xahişim var, çünki onlar Səninkidir. Mənim olan hər şey Sənindir, Sənin olanlar da Mənimdir və Mən onlarda izzətlənmişəm. Mən artıq dünyada deyiləm, onlarsa dünyadadır və Mən Sənin yanına gəlirəm.
əڲ
Bu üç gün ərzində biz Yəhyanın İncilinin gözəl 17-ci fəslini oxuyacağıq. Bu gün – onun başlanğıcı, sabah və çərşənbə günü – davamı olacaq. Şagirdləri ilə çox danışan və onlara hər şeydə nəsihət verən İsa indi Səmavi Ataya üz tutur. Biz sanki bu münasibətin müqəddəs müqəddəsliyinə – bəşəri kəlamı ilə Ataya müraciət edən Oğul münasibətinə daxil oluruq. Oğul Atadan Öz təcəssümündən və dünyaya gəlişindən əvvəl malik olduğu izzətlə Onu ucaltmasını xahiş edir. Bununla belə, Rəbb çox yaxşı bilir ki, cəmi bir neçə saatdan sonra O, tutulacaq, işgəncələrə məruz qalacaq və çarmıxa çəkiləcək. O, belə bir anda izzətdən necə danışa bilər? Allahın böyüklüyü məhz burada təzahür edir: itmiş insanlar üçün səmavi qapıları açmaq və onları Cənnətin əbədi izzətinin şəriki etmək. Əgər həvarilər buna inansalar, İsa onlarda izzətlənəcək. Beləliklə, İsa – Səmavi Ata ilə insanlar arasında körpüdür və bu körpü vasitəsilə izzət Allahdan insanlara və geriyə keçir. Allah göylərin arxasında bizdən gizlənmir: O, həqiqətən Məsihdə, sevginin nəfəsində yaşayır. Bu sözlərdə xristian vəhyi zirvəyə çatır: insan Allahın həyatına daxil olur, ona şərik olur və hər şey yenilənir. Amma bu lütfə nail olmağımız üçün Oğlulun duası lazım idi.