MAP

BRAZIL-RELIGION-CORPUS CHRISTI

Liturgiya oxunuşları: 7 MAY. Pasxanın III həftəsinin çərşənbəsi

“İsa bizə anlamağa kömək edir ki, fiziki aclıqdan əlavə, başqa, daha vacib olan bir aclıq hissi var və onu adi yeməklə yatırtmaq olmaz. Söhbət həyat, əbədilik aclığından gedir, bu aclığı yalnız y O doyura bilər, çünki O, “həyat çörəyi”dir (Yəhya 6, 35). Rəbb həmçinin bizə xatırladır ki, bəşər tarixi öz əzabları və sevincləri ilə əbədiyyət perspektivində, yəni Onunla son görüş perspektivində dərk edilməlidir” (Papa Fransisk, “Rəbbin mələyi” 02.08.2015).

BİRİNCİ OXUNUŞ Həv 8,1b-8

O gün Yerusəlimdə olan imanlılar cəmiyyətinə qarşı güclü təqib başladı. Həvarilərdən başqa bütün imanlılar pərən-pərən düşüb Yəhudeya və Samariyanın hər tərəfinə yayıldı. Bəzi mömin kişilər isə Stefanı dəfn etdi və onun üçün dərin hüznlə yas saxladılar. Amma Şaul imanlılar cəmiyyətini dağıtmağa başladı. Belə ki o, evdən-evə gedərək qadın-kişi bilmədən imanlıları sürüyüb zindana salırdı.Pərən-pərən düşən imanlılar hər yerdə Allahın kəlamını – Müjdəni yayırdı. Filip də Samariya şəhərinə gəlib Məsihi vəz edirdi. Filipi eşidib, göstərdiyi əlamətləri görən izdiham onun sözlərinə birlikdə diqqət yetirirdi. Natəmiz ruha tutulan çox adamdan bu ruhlar bərkdən çığıraraq çıxır, çox iflic və ayaqları şikəst olanlar şəfa tapırdı. Ona görə bu şəhərdə bol sevinc var idi.

əڲ

Təqib ilk şagirdləri qətiyyən dayandırmır, əksinə onları müjdəçilik işində daha da canfəşanlıq etməyə təşviq edir. Əslində, böyük sınaq bizə xristian cəmiyyətində Allaha güvənin nə qədər dərin və səmimi olduğunu anlamağa imkan verir. Həqiqi iman böyük və ya kiçik fədakarlıqla bağlıdır, və bu fədakarlığa cavab olaraq Rəbb sülh və iman bəxş edir. Həqiqəti müdafiə etmək sevginin ifadəsidir; diakon Filipin vəzinə qulaq asaraq İsanın adı ilə edilən möcüzələrin şahidi olan insanlara sevgi;  iman şəhidlərinin səbrini görüb Allaha üz tutan və qəlblərini İncilə açan düşmənlərə sevgi. Bu, məsihilərin qəddar təqibçisi Şaulun da başına gələcək və o, Ali-Həvari Paul olacaq və Məsih üçün canını verəcək.

İNCİL Yəhya 6,35-40

İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz. Lakin sizə dedim ki, Məni görürsünüz, amma iman etmirsiniz. Atanın Mənə verdiyi şəxslərin hamısı yanıma gələcək və yanıma gələni heç vaxt kənara atmaram. Çünki Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirmək üçün göydən enmişəm. Məni Göndərənin iradəsi budur ki, Mənə verdiyi şəxslərin heç birini həlak olmağa qoymayım, lakin son gündə onları dirildim. Çünki Atamın iradəsi budur ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun və Mən onu son gündə dirildim».

əڲ  

Rəbb Son Gündə dirilməni vəd edir, onu bir sətirdə iki dəfə bəyan edir. Bu böyük xəbər bizim sevincimizin əsasını təşkil edir, çünki həyatda etdiyimiz heç bir şey itirilməyəcək: yer üzündəki günlərimizin sonuna qədər Məsihlə birlikdə qalsaq, hər şey ucaldılacaq, təmizlənəcək və xilas olacaq. Bizi qəbirdən çıxarıb dirildəcək Odur. Həqiqətən, bizi ən böyük sevinc gözləyir! Lakin bunun üçün biz İsaya inanmalı, Ona güvənməli və Onun xilasetmə iradəsini yerinə yetirməyə çalışmalıyıq. Biz Məsihin iradəsini yerinə yetiririk, çünki Ona inanırıq və Onu sevirik. Onsuz həyat mənasızdır, çünki O Özü həyatdır, həyatımızdır. Məhz bizim xatirimizə və xilasımıza görə Rəbb əbədi olaraq bizimlə olmaq arzusu ilə göydən endi. Onsuz özümüzü itmiş hiss edirik. Onun İlahi qidası olmadan biz aclıqdan və susuzluqdan ölməkdə olduğumuzu hiss edirik, ona görə də təvazökar bir inamla Məsihin Bədənini qəbul etmək üçün qurbangaha tələsirik. Rəbb Özünü Əqdəs Yevxaristiyada sadəcə təklif etmir, O, bunu çox istəyir! Allah məhəbbətdir, ona görə də biz əbədi həyat çörəyini dadmaqla Ona böyük sevinc bəxş edirik.

06 may 2025, 21:00