Liturgiya oxunuşları: 6 MAY. Pasxanın III həftəsinin çərşənbə axşamı
BİRİNCİ OXUNUŞ Həv 7,51-59
Ey dikbaş, həm ürəkləri, həm də qulaqları “sünnət” edilməmiş insanlar, ata-babanız kimi siz də həmişə Müqəddəs Ruhun əleyhinə çıxırsınız. Ata-babalarınızın təqib etmədiyi peyğəmbər varmı? Onlar Saleh Olanın zühuru barədə əvvəlcədən xəbər verənləri belə, öldürdülər. Sizsə bu Saleh Olana xəyanət edərək Onu qətlə yetirdiniz. Mələklər vasitəsilə verilən Qanunu aldınız, lakin ona riayət etmədiniz». Ali Şuranın üzvləri bu sözləri eşidəndə çox qəzəbləndilər və Stefana dişlərini qıcırtdılar. Müqəddəs Ruhla dolan Stefan isə gözlərini göyə dikib Allahın ehtişamını və Allahın sağında dayanan İsanı gördü. O dedi: «Baxın, mən göylərin yarıldığını və Bəşər Oğlunun Allahın sağında dayandığını görürəm». Onlar qulaqlarını tutub haray qopardılar və hamısı birlikdə Stefanın üstünə hücum çəkdilər. Onu şəhərdən kənara çıxarıb daşqalaq etdilər. Stefanın əleyhinə şahidlik edənlər öz üst geyimlərini Şaul adlı bir gəncin ayaqları altına qoydular. Stefan üstünə yağan daşlar altında belə yalvarırdı: «Ya Rəbb İsa, ruhumu qəbul et».
əڲ
Elə görünə bilər ki, Stefan ətrafdakıları qəsdən təhrik edir: o, ağsaqqalları və ilahiyyatçıları Allahın qanununa əməl etmədiklərinə görə danlayır və hətta onları qatil adlandırır. Lakin onun birmənalı sözləri təhqir etmək məqsədini deyil, xilas etmək məqsədini daşıyır. Həqiqətən də, bəzən güclü və təsirli sözlərə ehtiyac duyulur! Təəssüf ki, ilahiyyatçılar öz dar düşüncələrində israr etdilər və həqiqətə nifrət edərək bu adamı öldürdülər: nəyin bahasına olursa-olsun Məsihə imana çağıran səsi boğmaq istədilər. Kimsə bizə vəzifələrimizi xatırladanda, bizi yaxşılığa çağıranda, biz ya təvazökarlıqla səhvlərimizi qəbul edib onları düzəltməyə çalışırıq, ya da bizi utandıran sözlərdən qıcıqlanır və hər yolla onları susdurmağa çalışırıq. Təvazökar insan həqiqəti sevir və düzəlməyə hazırdır, təkəbbürlü insan isə özündən əmindir. Allahın Kəlamı qüsurlarımızı və günahkar meyllərimizi kəsən qılıncdır, müalicəvi dərmandır: ona ən yaxşı münasibət - minnətdarlıq və hər şeyi yenidən başlamaq istəyidir. Gəlin bunu bu gün edək, çünki Xilaskar, Stefan vasitəsilə bizimlə danışır, Onunla ünsiyyətdə olmağımızı və əbədi sevincimizi arzulayır.
İNCİL Yəhya 6,30-35
Onlar İsaya dedilər: «Sən nə əlamət göstərərsən ki, görüb Sənə inanaq? Nə iş görəcəksən? Ata-babalarımız çöldə manna yedi; bu barədə yazılıb: “Onlara yemək üçün göydən çörək verdi”». Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizə göydən çörək verən Musa deyildi, göydən həqiqi çörəyi sizə verən Atamdır. Çünki Allahın çörəyi budur ki, göydən enir və dünyaya həyat verir». Ona dedilər: «Ağa, Sən daim bizə bu çörəyi ver». İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz.
əڲ
“Ağa, Sən daim bizə bu çörəyi ver”. Bu, insanın edə biləcəyi ən ağlabatan xahişdir. Yaşamaq üçün yemək lazımdır, çörək də əsas qidadır. “Çörək pulu qazanmaq” mahiyyətcə yaşamaq üçün çalışmaq deməkdir. Amma biz, heyvanlardan fərqli olaraq, bu dünyaya niyə gəldiyimizi bilmədən yalnız bədənimizi “qidalandırmaqla” kifayətlənə bilmirik; insan öz varlığının son məqsədini dərk etməlidir. Biz sevgi üçün yaradılmışıq, Allah da - Sevgidir. Biz əbədi həyat üçün yaradılmışıq, Allah da - Əbədi Həyatdır. Buna görə də Rəbbin Özünü çörək kimi bizə təklif etməyi həqiqətən ağlasığmaz bir yenilikdir! O, bizim ilk addımı atmağımızı gözləmir: O, yanımıza gəlir və Özünü bizə gida kimi təklif edir. Biz təkbaşına həyatda məqsəd tapa bilmirik və imanımızı məhv etmək istəyən şeytana asanlıqla aldanırıq. Bizimlə Allah arasındakı görüş Əqdəs Yevxaristiya vasitəsilə baş verir: Rəbb Özünü bizimlə bölüşür və bizim gözlərimiz, Xammadakı şagirdlərin gözləri kimi açılır. Biz görməyə və anlamağa başlayırıq. "Ağa, Sən daim bizə bu çörəyi ver" – bu, hətta imandan uzaq görünsə belə, müasir insanın gizli arzusudur.