Liturgiya oxunuşları: 5 MAY. Pasxanın III həftəsinin bazar ertəsi
BİRİNCİ OXUNUŞ Həv 6, 8-15
Lütf və qüdrətlə dolu olan Stefan xalq arasında böyük xariqə və əlamətlər göstərirdi. Belə olanda Azadlar Sinaqoqu adlanan sinaqoqun bəzi üzvləri, Kirenalılardan, İsgəndəriyyəlilərdən, Kilikiyadan və Asiya vilayətindən bəzi insanlar Stefana qarşı çıxıb onunla mübahisəyə başladılar. Amma Stefanın sözündəki hikmətin və Ruhun qarşısında dayana bilmədilər. Onda bir neçə nəfəri şirnikləndirdilər ki, belə desinlər: «Bu adamın həm Musaya, həm də Allaha qarşı küfr dolu sözlər dediyini eşitmişik». Beləliklə, xalqı, ağsaqqalları və ilahiyyatçıları da təşvişə saldılar. Stefanın üstünə gəlib onu tutdular və Ali Şuranın qarşısına gətirdilər. Gətirdikləri yalançı şahidlər onun üzünə durub dedilər: «Bu adam dayanmadan bu Müqəddəs məkana və Qanuna qarşı danışır. “Nazaretli İsa bu məkanı darmadağın edəcək və Musadan bizə əmanət qalan adətləri dəyişəcək” dediyini özümüz eşitmişik». Ali Şurada oturanların hamısı Stefana diqqətlə baxanda gördü ki, onun üzü bir mələyin üzünə bənzəyir.
əڲ
Yəhudilər diakon Stefana qarşı paxıllıq hissi ilə yanırlar: təkcə onun yaydığı yeni təlimə görə deyil, həm də ona görə ki, onun vəzi, çoxlu möcüzələr ilə müşayiət olunurdu və hamı onun ardınca getmək istəyirdi. Stefanın sözü qarşısıalınmaz, canlı bir atəşdir və diakon təmiz ürəklə istədiyi möcüzələri Allahdan alır. Bu, Allah haqqında danışmağın həyat və yeniliklə dolu, təmamilə yeni bir üsulu idi. Stefan səmavi mələk kimi görünür, amma əslində o, sadə insandır... Stefan Məsihə dərin və səmimi iman və sevgi ilə fərqlənir. O, yaxşı başa düşür ki, Rəbb İsa dünyada tamamilə yeni bir həyatı təmsil edir və artıq hər kəs öz ürəklərini Müqəddəs Ruha açmağa çağırılıb. Stefan məhz buna görə yenilməzdir. Bu gün belə insanlar varmı? Əlbəttə! Onlar bəlkə də bizim qonşuluğumuzda yaşayan gerçək imanlılar, təvazökar müqəddəslərdir. Onlar sadəcə sözdə olan həvəskarlar deyillər, həm də Müqəddəs Ruhla doludurlar və ilahi güclə hərəkət edirlər. Gəlin Rəbbdən xahiş edək ki, bizə belə yenilməz insanları göndərsin ki, onlar gəlib yenidən Müqəddəs Ruhun yaradıcı atəşi ilə həyatımızı aydınlatsınlar.
İNCİL Yəhya 6,22-29
Ertəsi gün gölün o biri sahilində qalan xalq başa düşdü ki, orada yalnız bir qayıq olub, İsa Öz şagirdləri ilə həmin qayığa minməyib, şagirdləri Onsuz gedib. O arada Tiberiyadan digər qayıqlar Rəbb şükür edəndən sonra yemək yedikləri yerin yaxınlığına gəldilər. Beləcə xalq İsanın da, şagirdlərinin də orada olmadığını görüb qayıqlara minərək İsanı axtara-axtara Kefernahuma gəldi. İsanı gölün o biri sahilində görəndə «Rabbi, buraya nə vaxt gəldin?» deyə soruşdular. 26 İsa onlara cavab olaraq dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: əlamətlər gördüyünüz üçün deyil, çörək yeyib doyduğunuz üçün Məni axtarırsınız. Keçib-gedən yemək üçün deyil, əbədi həyat verən, daim qalan yemək üçün işlər görün, onu sizə Bəşər Oğlu verəcək. Çünki Ata Allah Ona Öz möhürünü vurub». Onlar İsadan soruşdular: «Allahın istədiyi işləri görmək üçün biz nə edək?» İsa onlara cavab verdi: «Allahın istədiyi iş budur: Onun göndərdiyi Şəxsə iman edin».
əڲ
İnsanlar İsanı axtarmaq üçün gölün o biri sahilinə keçir. Əlbəttə, onlar ilk olaraq çörəyin çoxalması möcüzəsinə şahid olduqları üçün Məsihi axtarırlar. Allahın iradəsidir ki, yer üzündəki bütün insanların İsanı axtarsınlar. Rəbb dərhal bu insanları maddi çörəyi yox, əbədi həyata aparan Səma Çörəyini axtarmağı xahiş edir. Onlar nə etməli olduqlarını tam anlamadan bu yeni çağırışı qəbul edirlər; onlar yeni göstərişləri almaq istəyirlər, lakin Məsih konkret bir hərəkət deyil, həyat seçimi etməyi tələb edir: iman etmək. Deməli, iman bir əməkdir, üstəlik bu sözün ən yüksək mənasında bir əməkdir.