MAP

2022.05.26 Ascensione

Liturgiya oxunuşları: 29 MAY. RƏBBİN GÖYLƏRƏ QALXMASI BAYRAMI

İsanın Göylərə Qalxması ilə Onun yer üzündəki həyatı sona çatır; həvarilərin hüzurunda O, ikinci gəlişinə qədər, Son Məhkəməyə qədər bir daha yer üzündə görünməmək üçün fiziki olaraq Atanın yanına yüksəlir. Bu qədim bayram haqqında ilkin məlumatlar IV əsrə təsadüf edir. Rəbbin Göylərə Qalxması Bayramı adətən Pasxadan qırx gün sonra qeyd olunur.

BİRİNCİ OXUNUŞ Həv 1,1-11

Ey Teofil, birinci yazılarım İsanın göyə qaldırıldığı günədək başladığı işlər və öyrətməyə başladığı tam təlim barəsindədir. Göyə qaldırılmazdan əvvəl İsa seçdiyi həvarilərə Müqəddəs Ruh vasitəsilə əmrlər verdi. Ölüm əzabını çəkəndən sonra həvarilərə çoxlu inandırıcı dəlillərlə Özünü diri olaraq göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Padşahlığı barədə danışırdı. İsa onlarla duz-çörək kəsəndə bu əmri verdi: «Yerusəlimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz vədin həyata keçməsini gözləyin. Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız». Həvarilər bir yerə toplaşanda İsadan soruşdular: «Ya Rəbb, İsraildə Padşahlığı indimi bərpa edəcəksən?» İsa cavab verdi: «Atanın hökmü ilə təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil. Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüdrət alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız». İsa bunları deyəndən sonra həvarilərin gözləri qarşısında yuxarı qaldırıldı. Bir bulud İsanı götürüb onlardan gizlədi. İsa göyə qalxanda onlar səmaya baxırdılar. Elə həmin an ağ libaslı iki kişi onların yanında peyda olub soruşdu: «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq».

əڲ

Müjdəçi Luka Həvarilərin İşləri kitabını İsanın Göylərə Qalxdığı gün verdiyi əmrlə açır. Məsih yer üzündəki missiyasını başa vurduqdan sonra ədəki şagirdləri ilə birlikdə olmaq üçün göyə qalxır. O andan etibarən, Müqəddəs Ruhun vasitəsilə Rəbb Müqəddəs Yevxaristiyanın keçirildiyi hər yerdə, dua edən hər sadiq ürəkdə, mərkəzi yer tutduğu hər evdə mövcuddur. Bu, hər yerdə olmaq ənamıdır: eyni zamanda hər yerdə olmaq. Buna görə də mələklər soruşurlar: “Niyə səmaya baxa-baxa qalmısınız?” Səma transsendentliyə, ucalara işarə edir; şagirdlər Məsihin həyatını iman və məhəbbətlə yaşamağa çağırılır ki, Rəbbin sözləri yerinə yetsin: “Məndə qalın, mən də sizdə”. İsa həm Səmada, həm də qəlbimizdə, Atanın sağında və bugünkü bayram Messasında Müqəddəs Yevxaristiyadadır.

İKİNCİ OXUNUŞ Ef 1,17-23

Dua edirəm ki, Rəbbimiz İsa Məsihin Allahı olan izzətli Ata Özünü sizə tanıtmaq üçün hikmət və vəhy ruhunu versin. Qoy O, qəlbinizin gözünü nurlandırsın ki, Onun çağırışından yaranan ümidin nə olduğunu, müqəddəslərə verdiyi irsin izzətinin necə zəngin olduğunu, Onun böyük qüvvəsinin fəaliyyətinə görə iman edən bizlərə sərf etdiyi qüdrətinin hədsiz böyüklüyünün nə olduğunu görəsiniz. Allah bu qüdrətlə Məsihdə elə fəaliyyət göstərdi ki, Onu ölülər arasından dirildib səmada Öz sağında oturtdu və hər başçı, hakim, qüvvə və ağadan, yalnız bu dövrdə deyil, gələcək dövrdə də çəkiləcək hər addan Onu çox yüksəltdi. Hər şeyi Ona tabe edərək ayaqlarının altına qoydu və Onu hər şey üzərində baş olsun deyə imanlılar cəmiyyətinə verdi. Bu cəmiyyət Onun bədənidir və hər şeyi hərtərəfli Bütövləşdirənin bütövlüyüdür.

əڲ

Efeslilərə Məktubdan olan bu hissədə həvari dirilmiş Məsihin böyüklüyünü vəsf edir. İsa sadəcə insan deyil: bu bir neçə sətir “qüdrət”, “qüvvət”, “ağalıq”, “əzəmət” kimi sözlərlə doludur. Xristianlıq həlimlik və təvazökarlıqdır, lakin Allahımız sonsuz böyükdür, Onun adı hər addan ucadır, hər şeyi ayaqları altına qoyub. Bu cür təvazökarlığı və böyüklüyü bir arada saxlamaq qeyri-mümkün görünür, amma xristianlıq əks tərəfləri birləşdirir: məsələn, Müqəddəs Məryəm Nazaretdəki  evində, heç kəsə məluma olmadan mətbəx işlərini görərkən belə,  göylərin və yerin Mələkəsi idi. Bu bayram günündə gəlin Atanın sağında oturan Rəbb İsanın əzəmətinə baxaq və xatırlayaq ki, hər bir zəiflikdə, sınaqda və əzabda bizim Səmavi İzzətində əbədi yaşayan Başçımız var və O, şər üzərindəki qələbəsini bizimlə bölüşür. Onda hər qorxu əriyəcək: əgər biz Məsihin Bədənində yaşayırıqsa, deməli, biz eyni vaxtda həm yerdə, həm də göydəyik .

İNCİL Luka 24,46-53

İsa onlara dedi: «Belə yazılıb: Məsih əzab çəkib üçüncü gün ölülər arasından dirilməlidir. Yerusəlimdən başlayaraq bütün millətlərə günahların bağışlanması üçün tövbə Onun adı ilə vəz edilməlidir. Siz bu hadisələrin şahidisiniz. Budur, Mən Öz Atamın vəd etdiyini sizə göndərəcəyəm. Sizsə ucalardan gələn qüdrətə bürünənədək bu şəhərdə qalın».İsa onları şəhərdən kənara çıxarıb Bet-Anyayadək gətirdi və əllərini qaldırıb onlara xeyir-dua verdi; xeyir-dua verərkən onlardan uzaqlaşdı və göyə aparıldı. Şagirdləri də İsaya səcdə etdilər və böyük sevinclə Yerusəlimə qayıtdılar. Onlar daim Allaha alqış edərək məbəddə olurdular.

əڲ  

İsa şagirdlərinə deyir ki, O, getdiyi zaman Onun xilas işini davam etdirmək üçün onlara qüdrət veriləcək, yəni onlar Müqəddəs Ruhu alov, enerji, nur, dəstək, ilham, Rəbbin sirlərini daim açan kimi qəbul edəcəklər. Müjdəçi Lukanın hekayəsinin şagirdlərin tərifi və sevincinin təsviri ilə bitməsi gözəldir; onlar İsanın göyə qalxmasının şahidi olduqdan sonra Onun vədinin yerinə yetəcəyini gözləyirlər. Şagirdlər başqa bir səbəbdən də xoşbəxtdirlər: İsanın ruhani varlığının həmişə onlarla olacağını başa düşdülər. Çox keçmədən şagirdlər, onları yerin ucqarlarına aparacaq bir missiyaya başlayacaqlar. Bu, on iki sadə və hazırlıqsız kişi üçün tamamilə ağlasığmaz və qeyri-mümkün olardı - əgər O, onların yanında olmasaydı. Beləliklə, biz də Ustadın bizdən çox əvvəl iman bayrağı altında gedənlərə yaxın olduğu kimi, bizə yaxın olduğunu bilə-bilə, fərdi həyat tariximizin yolları ilə addımlayaraq, Səma ilə səmtləşməyə çağırılmışıq. Gəlin bəsit bir varlıqla kifayətlənməyək.

28 may 2025, 23:50