MAP

Cristo Re dell'universo, Gesu Cristo

Liturgiya oxunuşları: 28 MAY. Pasxanın VI həftəsinin çərşənbəsi

“Areopaqda bütpərəstlərin qarşısında İsa Məsih haqqında danışan Həvari Paul onları cəhənnəm əzabları ilə hədələmir, inandırmağa çalışır, qınamır, əksinə dialoqa başlamağa çalışır. Paul divarlar deyil, körpülər qurur. Onun məqsədi əvvəlcə ürəyə çatmaq və sonra növbəti addımı atmaq - Məsih haqqında danışmaqdır” (Papa Fransisk, Müqəddəs Marta Evinin ibadətgahında Messa 08.05.2013).

BİRİNCİ OXUNUŞ Həv 17,15.22-18,1

Paulu yola salanlar onu Afinaya qədər ötürdülər. Sonra Paul onlara əmr verdi ki, geri qayıdıb Sila ilə Timoteyi təcili surətdə onun yanına göndərsinlər. Paul Areopaqın qarşısına çıxıb belə söylədi: «Ey Afinalılar, sizin hər cəhətdən çox pərəstişkar olduğunuzu görürəm. Belə ki mən ətrafda gəzəndə səcdəgahlarınıza diqqətlə nəzər salarkən bir qurbangaha da rast gəldim ki, onun üstündə yazılmışdı: “Naməlum Allaha məxsus”. Tanımadan ibadət etdiyiniz bu Allahı sizə tanıtmaq istəyirəm. Dünyanı və onda mövcud olan hər şeyi yaradan, yerin-göyün Sahibi olan Allah əllə tikilən məbədlərdə yaşamaz. İnsan əli ilə edilən xidmətə Onun ehtiyacı yoxdur, çünki hər kəsə həyat, nəfəs və hər şeyi verən Odur! Allah bütün bəşəriyyətin millətlərini bir insandan‡ yaratdı ki, bütün yer üzərində yaşasınlar. Yaşamaq üçün onlara zaman və məkan təyin etdi ki, Onu axtarsınlar, yəni kor əllərini sürtə-sürtə yol axtardığı kimi axtarıb Onu tapa bilsinlər. Əslində Allah heç birimizdən uzaq deyil. “Axı biz Onda yaşayırıq, hərəkət edirik, mövcuduq”. Bəzi şairlərinizin dediyi kimi: “Biz də Onun nəslindənik”.  Demək biz Allahın nəslindən olduğumuza görə belə düşünmək olmaz ki, İlahi Varlıq insan layihəsi və istedadı ilə yaranan qızıl, gümüş yaxud daşdan düzəldilən bir şeyə bənzəyir. Allah cəhalət zamanlarında buna göz yumdu, amma indi hər yerdə hamının tövbə etməsini insanlara əmr edir. Çünki Allah Öz seçdiyi Şəxs vasitəsilə dünyanı ədalətlə mühakimə edəcəyi günü təyin edib. Onu ölülər arasından diriltməklə hamının qarşısında bunu təsdiq edib». Ölülərin dirilməsi ilə bağlı sözləri eşidən kimi bəziləri onu ələ saldı, kimisi də belə dedi: «Bu barədə səndən bir daha eşitmək istəyirik». Beləliklə, Paul onların arasından çıxıb getdi. Bir neçə insan isə ona qoşulub iman gətirdi. Bunların arasında Areopaq üzvü Dionis, Damaris adlı bir qadın və başqaları da var idi. Bundan sonra Paul Afinadan çıxıb Korinfə getdi.

əڲ

Yunanlar həqiqətə yaxın idilər, çünki onların bəzi müdrikləri insanların İlahi Niyyəti ilə yaranmasını iddia edirdilər. Böyük filosof Platonun fikirlərində gələcək Xilaskarın intizarına rast gəlmək olar.  Müqəddəs Ruh yunan dahilərinin ən dərin düşüncələrini işıqsız və bəsirətsiz qoymadı. Budur, Paul onlarda çatışmayan həqiqəti elan etmək üçün gəlir. Allah nəhayət, insanlara İlahiliyini göstərən və ölümün özündən dirilərək ölümə qalib gələn bir insanda, İsada təcəssüm etməklə Özünü zahir etdi. Dirilmə ənin böyük iman bəyanatıdır və həmişə belə olacaq. Xristianlıq bəyan edir: Uca Allah insan oldu ki, insan İlahi həyat yaşaya bilsin. Bu, ən dərin və ən incə fəlsəfədən də artıqdır - həyatın özüdür!

İNCİL Yəhya 16,12-15

Hələ sizə söylənəcək çoxlu sözüm var, amma indi bunlar ağlınıza sığmaz. Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi Özündən söyləməyəcək, nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək. O Məni izzətləndirəcək, çünki Mənim olandan götürüb sizə bildirəcək. Atanın hər nəyi varsa, Mənimdir. Buna görə də “Mənim olandan götürüb sizə bildirəcək” söylədim. Az bir müddətdən sonra Məni artıq görməyəcəksiniz, az bir müddətdən də sonra Məni yenə görəcəksiniz».

əڲ  

Rəbb İsa deyir ki, həvarilər “hər həqiqətə”, yəni bütün həqiqətə bütövlükdə gəlməlidirlər və bu, Müqəddəs Ruh tərəfindən onlara çatdırılacaqdır. Bu gün biz, Allahın Ruhunu Vəftiz və Məshetmə Sakramentləri (Sirrləri), Yevxaristiya Sakramenti və Allahın Kəlamı vasitəsilə qəbul edirik. Həqiqət artıq içimizdədir və biz onu keçmişdən fərqli ola biləcək müxtəlif həyat vəziyyətlərinə tətbiq etməliyik. Bəsirət hədiyyəsi buradadır: qarşılaşdığımız vəziyyətlərdə artıq bildiklərimizi görmək. Məsələn, İsa İncildə elektrik, internet, sosial şəbəkələr və süni intellektdən bəhs etməmiş, lakin imanlılara Müqəddəs Ruhu vermişdi ki, onlar bu nailiyyətlərə vaxtında düzgün münasibət formalaşdıra bilsinlər. Ruhani aləmdə fikir yürütmək üçün ixtisaslı mütəxəssis olmağımıza ehtiyac yoxdur: ə hər şeyin həqiqəti olan Müqəddəs Ruha malikdir və O, Onu çağıranlara nəyin yaxşı, nəyin pis olduğunu ayırd etməyə kömək edir.

27 may 2025, 11:38