Liturgiya oxunuşları: 24 MAY. Pasxanın V həftəsinin şənbəsi
BİRİNCİ OXUNUŞ Həv 16, 1-10
Paul Derbe və Listraya gəldi. Listrada Timotey adlı bir İsa şagirdi var idi. Onun anası imanlı bir Yəhudi, atası isə Yunan idi. Listra və Konyadakı imanlı bacı-qardaşlar onun barəsində xoş sözlər deyirdi. Timoteyi özü ilə aparmaq istəyən Paul bu şəhərlərdəki Yəhudilərə görə onu sünnət etdi. Çünki hamı onun atasının Yunan olduğunu bilirdi. Onlar şəhərbəşəhər gəzib-dolaşır, Yerusəlimdəki həvarilərlə ağsaqqalların qərara aldığı qaydaları imanlılara deyir və göstərirdi ki, bunlara riayət etsinlər. Beləliklə, cəmiyyətlər imanda güclənir və sayı günbəgün artırdı. Müqəddəs Ruh onlara imkan vermədi ki, Asiya vilayətində kəlamı yaysınlar. Ona görə də onlar Frigiya və Qalatiya ərazisini keçib getdilər. Misiya sərhədinə gələrkən Bitinyaya getməyə çalışdılar. Amma İsanın Ruhu onlara izin vermədi. Ona görə Misiyadan keçib Troasa getdilər. O gecə Paul bir görüntü gördü. Makedoniyalı bir nəfər onun qarşısında durub yalvarırdı: «Makedoniyaya gəl və bizə kömək et!» Paul bu görüntünü görəndən sonra Makedoniyaya getmək üçün dərhal bir yol axtardıq. Bundan nəticə çıxartdıq ki, Allah bizi orada Müjdə yaymaq üçün çağırır.
əڲ
Paul və Timotey Kiçik Asiyanın (müasir Türkiyə) bəzi şəhərlərindən keçir, müjdə verir, vəz edirlər. Maraqlı bir detal ondan ibarətdir ki, Müqəddəs Ruh onları müəyyən yerlərə daxil olmağa “icazə vermədi”. Müqəddəs Ruh onlarla necə danışıb? Biz bilmirik, amma aydındır ki, həvarilərin hərəkətlərinə rəhbərlik edən Allahın Ruhu olmuşdur. Daha maraqlı olan yuxunun detalıdır. Paul yəqin ki, Aralıq dənizi sivilizasiyasının vətəni, bütpərəstliyin hökm sürdüyü böyük mədəniyyət ölkəsi olan Yunanıstanla görüşmək barədə hələ düşünməmişdi; və budur, yuxuda ona bir yunan görünür və ondan yanlarına gəlməsini yalvarır, çünki onların həvariyə ehtiyacı var. "Bizə kömək et!" – makedoniyalı yuxuda yalvarır. Diqqətli və Allahın iradəsinə açıq olan Paul və Timotey orada onları nə gözlədiyini bilmədən gecikmədən yola düşdülər. Bu gün də belə olmalıdır: ə açıq ürəklə, hesablamalar aparmadan ehtiyacın olduğu yerlərə doğru qaçmalıdır. İlk əsrlərin kilsəsi belə yarandı: Allahın Ruhu ona rəhbərlik edirdi və yönləndirirdi. Bu həmişə belə olmalıdır.
İNCİL Yəhya 15,18-21
Əgər dünya sizə nifrət edərsə, onda yada salın ki, sizdən əvvəl Mənə nifrət edib. Əgər dünyadan olsaydınız, dünya özündən olan sizləri sevərdi. Amma siz dünyadan deyilsiniz, Mən sizi dünyadan seçdim, buna görə dünya sizə nifrət edir. Mənim sizə söylədiyim sözü yadınıza salın: “Qul ağasından üstün deyil”. Əgər Məni təqib etdilərsə, sizi də təqib edəcəklər, Mənim sözümə riayət etdilərsə, sizin də sözünüzə riayət edəcəklər. Lakin bunların hamısını sizə Mənim adıma görə edəcəklər, çünki Məni Göndərəni tanımırlar.
əڲ
Gələcək müjdəçiliyin xüsusiyyətlərini təqdim edərkən, Rəbb acı həbi şirinləşdirmə üsulundan istifadə etmir. O, şagirdləri xəbərdar edir ki, onlar da Onun kimi təqib olunacaqlar. Məsih çətinlikləri gizlətmir, əksinə, onları vurğulayır ki, həvarilərin bütün cəbhələrdə asan uğura dair illüziyaları olmasın. “Bütün dünya şər olanın hakimiyyəti altındadır” (1 Yəhya 5:19), buna görə də tamamilə təbiidir ki, Rəbbin şagirdlərini görəndə dünya qıcıqlanır və çaşqınlıq yaşayır. Bu dünya ilə Məsihin Padşahlığı arasında əsaslı uyuşmazlıq var. Buna görə də Rəbb şagirdlərinə göstəriş verir: uğur qazananda çox sevinməsinlər və uğursuzluq zamanında da ümidsizliyə qapılmasınlar. Məsihin həqiqi həvariləri işıq saçır, baxmayaraq ki, dünya onu hər cür şəkildə söndürməyə çalışır. Biz dünyanın bizi rədd etməsinə təəccüblənmirik, lakin sevməyə, bağışlamağa, dözməyə və sevginin, xeyirxahlığın və ədalətin gücünü göstərməyə davam edirik. Rəbb söz verib ki, bizi heç vaxt tərk etməyəcək və çətinliklər dənizində bizə həmişə dünyanın işığı və yerin duzu olaraq qalmaq üçün güc verən Odur.