MAP

Tutti i santi, manoscritto

Liturgiya oxunuşları: 10 MAY. Pasxanın III həftəsinin şənbəsi

“Peter bütün həvarilər adından imanını iqrar edir: “Ya Rəbb, biz kimin yanına gedək? Əbədi həyatın sözlərini söyləyən Sənsən” (Yəhya 6,67). O, “hara gedək?” deyil, “kimin yanına gedək?” deyir. Peterin sualından başa düşürük ki, Allaha sədaqət - eyni yolu birlikdə getdiyimiz insana sədaqətdir. Bu İnsan – İsadır” (Papa Fransisk, “Rəbbin mələyi” 23.08.2015).

BİRİNCİ OXUNUŞ Həv 9, 31-42

Beləcə bütün Yəhudeya, Qalileya və Samariyadakı imanlılar cəmiyyəti əmin-amanlığa çatdı. İnkişaf edən və Rəbb qorxusu içində yaşayan cəmiyyət Müqəddəs Ruhun ürəkləndirməsi ilə sayca artırdı. Bu zaman hər yanı dolaşan Peter Lodda yaşayan müqəddəslərin yanına gəldi. Orada Eneya adlı bir nəfərə baş çəkdi. Eneya iflic olmuşdu və səkkiz il idi ki, yataqda idi.  Peter ona dedi: «Eneya, İsa Məsih səni sağaldır. Qalx, yatağını yığışdır». Eneya dərhal ayağa qalxdı. Lod və Şaronda yaşayanların hamısı bu adamı görüb Rəbbə tərəf döndü. Yafoda İsanın şagirdləri arasında Tabita adlı bir qadın var idi. «Tabita» «Ceyran» deməkdir. Bu qadın həmişə xeyirxah işlər görür və yoxsullara kömək edirdi. Bu vaxtlarda o xəstələnib öldü. Onun meyitini yuyub yuxarı mərtəbədəki otağa qoydular. Lod Yafoya yaxın idi, ona görə də Peterin Lodda olduğunu eşidən şagirdlər iki kişini onun yanına göndərdilər və onlar gəlib xahiş etdilər: «Vaxt itirmədən yanımıza gəl». Peter durub onlarla getdi. Yafoya çatanda onlar Peteri evin yuxarı mərtəbəsinə çıxartdılar. Bütün dul qadınlar ağlaşa-ağlaşa Peterin yanına yığıldı və Tabitanın onlarla birlikdə olanda tikdiyi köynəkləri, paltarları göstərirdilər. Peter isə onların hamısını bayıra çıxartdı, sonra diz çöküb dua etdi. Bundan sonra isə ölüyə tərəf dönüb dedi: «Tabita, qalx!» Qadın gözlərini açıb Peteri görən kimi dik oturdu. Peter əlini uzadıb onu ayağa qaldırdı və sonra müqəddəslərlə dul qadınları çağırdı. Tabitanı sağ-salamat onların qarşısına çıxartdı. Bu xəbər bütün Yafoya yayıldı və çox adam Rəbbə iman gətirdi.

əڲ

Peter burada İsanın oxşar vəziyyətlərdə etdiyindən tamamilə fərqli şəkildə hərəkət edir. Möcüzə göstərmək üçün Rəbb adətən xəstədən iman tələb edirdi: İncildə İsa şəfa verdiyi insanlara “Get, imanın səni xilas etdi” deyərək, şəfa möcüzəsinin (həm cismən, həm də ruhən) Allahın qüdrəti ilə insanın imanının üst-üstə düşməsi səbəbindən baş verdiyini açıq şəkildə bildirirdi. Peterlə olan səhnədə, iflic olmuş Eneya heç nə istəmir, necə ki, ağlayan dul qadınlar da Peterdən rəfiqələri Tabitanı həyata qaytarmaq üçün yalvarmırlar. Həvari heç kimdən heç nə soruşmadan hərəkət edir. O, sadəcə olaraq, mərhəmətə bürünüb inanır ki, məhz bu möcüzə ətrafdakı insanları inandıracaq ki, Dirilmiş Məsihin qüdrəti Qalileya dənizindən olan bu təvazökar keçmiş balıqçıda hərəkət edir. Belə də olur: Eneyanın sağalmasından sonra bir çoxlarının “Rəbbə tərəf döndüyü”, Tabitanın dirilməsindən sonra isə “çoxlarının Rəbbə iman gətirdiyi” deyilir. Həvari ona həvalə edilmiş missiyanı sədaqətlə yerinə yetirir, hər kəsin İsaya iman gətirməsini və bu imanın əsasında yaşamasını arzulayır.

İNCİL Yəhya 6, 60-69

Şagirdlərindən bir çoxu bu sözləri eşidəndə dedi: «Bu söz qəlizdir. Bunu kim anlaya bilər?» Lakin İsa şagirdlərinin buna görə deyindiklərini duyaraq onlara dedi: «Bu söz sizi büdrədirmi? Yaxşı, bəs Bəşər Oğlunun əvvəllər olduğu yerə qalxdığını görsəniz, necə?  Həyat verən Ruhdur, cismani təbiətinsə heç faydası yoxdur. Sizə söylədiyim sözlər Ruh və həyat gətirir. Lakin sizin aranızda iman etməyənlər də var». Çünki İsa iman etməyənlərin və Ona xəyanət edəcək adamın kim olduğunu əvvəlcədən bilirdi. O dedi: «Buna görə də sizə söylədim ki, əgər Ata bir kəsə imkan verməsə, o Mənim yanıma gələ bilməz». Bunlardan sonra şagirdlərinin çoxu İsadan ayrılıb daha Onunla gəzmirdi. Onda İsa On İki şagirdə dedi: «Yoxsa siz də Məni tərk etmək istəyirsiniz?» Şimon Peter Ona cavab verdi: «Ya Rəbb, biz kimin yanına gedək? Əbədi həyatın sözlərini söyləyən Sənsən. Biz də iman etmişik və bilirik ki, Allahın Müqəddəsi Sənsən».

əڲ

İsa heç kimi zorla saxlamır. İman etmək heç də asan deyil: bu, yunanca “metanoia” adlanan, “fikir dəyişikliyi” mənasını verən tam çevrilməni tələb edir. Məsih radikal seçim etməyimizi gözləyir: inanırsansa, Onunla qal, əks halda gedə bilərsən. Rəbb sanki şagirdləri qəsdən təhrik edir: “Yoxsa siz də Məni tərk etmək istəyirsiniz?”. Əlbəttə ki, həvarilər bir anlıq çaşqınlıq yaşadılar, lakin Peter öz imanını və dostlarının imanını təsdiqləyir: “Sən Məsihsən, Var olan Allahın Oğlusan”. O, ayağı büdrəsə belə, zülmətə və vəsvəsələrə düçar olsa belə, ömrünün sonuna qədər bu imana sadiq qalacaq. Sonda o, şəhidliyi ilə verdiyi bu cavabı təsdiq edəcək: Ya Rəbb, biz kimin yanına gedək? Biz hər yerdə Sənin ardınca gedəcəyik ki, daim Səninlə olaq. İstənilən başqa yol, dünya onu daha geniş və daha rahat təqdim etsə belə, səhv və ölümcüldür. Gəlin biz də Peterin bu böyük qərarını hər zaman həyatımızla təsdiq edək: " Ya Rəbb, biz kimin yanına gedək? Əbədi həyatın sözlərini söyləyən Sənsən. Biz də iman etmişik və bilirik ki, Allahın Müqəddəsi Sənsən".

10 may 2025, 08:41