Liturgiya oxunuşları: 3 APREL. Böyük Orucun IV həftəsi, cümə axşamı
BİRİNCİ OXUNUŞ Çıxış 32, 7-14
Rəbb Musaya dedi: «Tez ol, düş aşağı, çünki Misirdən gətirdiyin xalqın öz əxlaqını pozdu və Mən onlara əmr etdiyim yoldan yaman tez döndü. Özləri üçün tökmə dana düzəldib ona səcdə qıldılar, qurban kəsdilər və dedilər: “Ey İsrail övladları, budur sizi Misir torpağından çıxaran allahlarınız!”» Rəbb Musaya sözünü davam etdi: «Görürəm ki, bu xalq dikbaş xalqdır. Qoy Mən xalqa qarşı qəzəblənib onu yox edim, səndən isə böyük millət əmələ gətirim». Musa Allahı Rəbbə yalvarıb dedi: «Ya Rəbb, nə üçün Öz xalqına qarşı qəzəbin alovlansın? Sən onları Misirdən böyük qüvvətinlə və qüdrətli əlinlə qurtarmadınmı? Axı nə üçün Misirlilər “Onları pis niyyətlə, dağlarda öldürüb yer üzündən yox etmək üçün çıxartdı” desinlər? Yalvarıram, qəzəbini yatır və Öz xalqına bəla gətirmək niyyətindən dön. Qulların İbrahimi, İshaqı, və İsraili xatırla və Özün naminə onlara and edərək “nəslinizi göydəki ulduzlar qədər çoxaldacağam, vəd etdiyim bu ölkənin hamısını nəslinizə verəcəyəm və onlar əbədilik oraya sahib olacaqlar” dedin». Beləliklə, Rəbb Öz xalqına bəla gətirmək niyyətindən döndü.
əڲ
Çıxış kitabı xalqın Allaha qarşı günahının rəmzi olan qızıl dana hekayəsi ilə davam edir. O günah o qədər böyük idi ki, Uca Yaradan qəzəblənir və israilliləri cəzalandırmaq istəyir. Buna cavab olaraq Musa Allaha yalvarır ki, dayansın və misirliləri qürurlandırmasın. Musa insanlara xidmət etmək üçün deyil, Allahın sədaqəti və Onun vədi şübhə altına alınmasın deyə özünü şəfaətçi edir. Rəbb Öz xalqına vermək istədiyi cəzanı ləğv etdi. İsraillilər kimi, hər şeyin bizdən asılı olduğuna aldanaraq, özümüz üçün yaratmağa davam etdiyimiz çoxlu “qızıl danalara” baxmayaraq, Allah, Oğlu İsada bizi sevməkdə sadiq qalır. Musanı təqlid edərək, biz indi bir çox bacı-qardaşlarımız üçün şəfaətçi olmalıyıq və Məzmurun sözlərini təkrarlamalıyıq: “Ya Rəbb, mərhəmətinə görə bizi xatırla”.
İNCİL Yəhya 5, 31-47
Əgər Mən Özüm barədə şəhadət etsəydim, şəhadətim etibarlı olmazdı. Lakin Mənim barəmdə şəhadət edən başqasıdır və Mənim barəmdə etdiyi şəhadətin etibarlı olduğunu bilirəm. Siz Yəhyanın yanına adamlar göndərdiniz və o, həqiqətə şəhadət etdi. Lakin insandan şəhadət qəbul etdiyim üçün deyil, yalnız sizin xilas olmağınız üçün bunları söyləyirəm. Yəhya yanan və nur saçan bir çıraq idi, siz bir müddət onun işığında sevinmək istədiniz. Amma Mənim barəmdə olan şəhadət Yəhyanın şəhadətindən üstündür. Çünki Atanın Mənə tam yerinə yetirmək üçün tapşırdığı işlər – indi etdiyim bu işlər Mənim barəmdə şəhadət edir ki, Ata Məni göndərib. Məni göndərən Atanın Özü də Mənim barəmdə şəhadət etdi. Siz heç vaxt nə Onun səsini eşitmisiniz, nə də surətini görmüsünüz. Onun kəlamının da sizdə qalmasına imkan vermirsiniz, çünki Onun göndərdiyi Şəxsə inanmırsınız. Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim barəmdə şəhadət edir, sizsə həyata malik olmaq üçün Mənə tərəf gəlmək istəmirsiniz. İnsanlardan izzət qəbul etmirəm. Ancaq sizi tanıyıb bilirəm ki, ürəyinizdə Allah məhəbbəti yoxdur. Mən Atamın adı ilə gəlmişəm, amma siz Məni qəbul etmirsiniz. Əgər bir başqası öz adı ilə gəlsə, onu qəbul edərsiniz. Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz? Güman etməyin ki, Mən sizi Atanın önündə ittiham edəcəyəm. Sizi ittiham edən ümid bağladığınız Musadır. Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o Mənim barəmdə yazıb. Lakin onun yazdıqlarına inanmırsınızsa, Mənim sözlərimə necə inanacaqsınız?»
əڲ
Müqəddəs Yəhya Müjdəsinin beşinci fəsli davam edir: Rəbb İsa həqiqəti bəyan edən Vəftizçi Yəhyanı şahid kimi çağırmaqla rəqibləri ilə qarşıdurmanı gücləndirir. İsanın Ata tərəfindən göndərilməsinə dair başqa şəhadətlər də var: Uca Allah Özü bunu bəyan edir, İsanın əməlləri və Müqəddəs Yazılar bundan danışır. Yəhudilər isə buna əhəmiyyət vermirlər, çünki onlar “bir-birindən izzət alırlar” və tək Allahdan gələn izzəti axtarmırlar. İnsanlar özlərini bir-birindən üstün tutduqları halda, özləri özlərindən razı qaldıqları halda, Məsihin əməlləri azadlıq verir - günahdan, ümidsizlikdən, acıdan, bölünmədən. Xristianlığın başlanğıcında belə idi və bu gün də belədir: biz yəhudilər kimi özümüzü aldatmağın əsiri qalıb, tamamilə aydın dəlilləri inkar edə bilərik və ya Müqəddəs Ruhun fəaliyyətinə açıq olub, sevgi və azadlıq olan yerdə Allahın bizim daxilimizdə və bizim üçün hərəkət etdiyini qəbul edə bilərik.