Liturgiya oxunuşları: 9 MART. Böyük Orucun I Rəbb günü
“Əgər biz Allahın Kəlamını hər zaman qəlbimizdə saxlasaydıq, heç bir sınaq bizi Allahdan ayıra bilməzdi, heç bir maneə bizi xeyir yolundan döndərə bilməzdi; içimizdə və ətrafımızda olan pisliyin gündəlik cazibəsinə qalib gələ bilərdik. Biz Müqəddəs Ruh vasitəsilə Dirilənin həyatı ilə daha sıx birləşərdik, qardaşlarımızı, xüsusən də ən həssas və ehtiyacı olanları qəbul edib sevərdik, həmçinin düşmənlərimizi belə sevərdik.” (Papa Fransisk, “Rəbbin mələyi”, 05.03.2017)
BİRİNCİ OXUNUŞ Qanunun Təkrarı 26, 4-10
Kahin əlinizdən səbəti alıb onu Allahınız Rəbbin qurbangahı önündə yerə qoysun. Allahınız Rəbbin önündə bunu bəyan edin: “Atam köçəri Aramlı idi. Azsaylı olaraq Misirə enib orada məskunlaşdı və ondan böyük, güclü, çoxsaylı millət törədi. Misirlilər bizimlə pis rəftar etdilər. Bizi zəlil edib üzərimizə ağır işlər yüklədilər. Onda atalarımızın Allahı Rəbbə fəryad qopardıq və Rəbb səsimizi eşitdi. Əzabımızı, əziyyətimizi və zəlalətimizi gördü. Rəbb qüdrətli əli, uzanan qolu, böyük zəhmi, əlamət və möcüzələri ilə bizi Misirdən çıxartdı. O bizi bu yerə gətirərək süd və bal axan bu torpağı bizə verdi. İndi, ya Rəbb, mənə verdiyin torpağın məhsulunun nübarını Sənə gətirmişəm.”
əڲ
Qanunun Təkrarı Kitabından ilk oxunuş Vəd edilmiş Torpağa gələn xalqın şükranlığını təmsil edir. Yorğun, lakin xoşbəxt insanlar Allahı Onun böyük işlərinə görə tərənnüm edir: arzular, köləlik, səhra, sınaqlar, çətinliklər daxil olmaqla çox uzun, hədsiz yorucu bir səyahətdən sonra nəhayət təyinat yerinə çatdılar. Xalq həmişə Allaha sadiq olmasa da, Uca Allah Öz vədlərinə həmişə sadiq qaldı və Öz xalqını heç vaxt tərk etmədi. Təcrübəyə əsaslanan bu inam, insanları “Allahım, Allahım, ümidim Sənədir” Məzmurun sözləri ilə ifadə olunan Rəbbə möhkəm, qeyd-şərtsiz güvənməyə aparıb və aparır. Böyük Oruc bizim Vəd edilmiş Torpağa, daha dərin mənəvi həyata, Allahla övlad yaxınlığına aparan yoldur.
İKİNCİ OXUNUŞ Romalılara 10, 8-13
Qardaşlar: Kəlamda nə deyilir? «Kəlam sənə çox yaxındır, o sənin dilində və ürəyindədir». Biz elə həmin iman kəlamını vəz edirik: əgər sən İsanın Rəbb olduğunu dilinlə iqrar edib Allahın Onu ölülər arasından diriltdiyinə ürəkdən inansan, xilas olacaqsan. Çünki insan ürəkdən iman etməklə saleh sayılır və dili ilə iqrar etməklə xilas olur. Belə ki Müqəddəs Yazıda deyilir: «Ona iman edən hər kəs utandırılmayacaq». Burada Yəhudi ilə Yunan arasında fərq yoxdur, hamısının Rəbbi birdir və Onu çağıranların hamısına bol bərəkət verir. Çünki «Rəbbin adını çağıran hər kəs xilas olacaq».
əڲ
Biz həyatımızın səhrasını Allahın mübarək gücünü çağıraraq, Allahın Kəlamının bələdçiliyi ilə keçməliyik. Köləlikdən azadlığa gedən yolda tək irəlləmək olmaz və bu çətin yolda insan yalnız öz gücünə arxalana bilməz: Müq. Paul xatırladır ki, yalnız Allahı sevən və Ona güvənən bir ürək bu çətin mübarizədə qalib gələ bilər. Böyük Oruc dövründə ə duanı, orucu və sədəqəni iman uğrunda və Məsihə sədaqət uğrunda mübarizədə “silah” kimi təqdim edir. Musa səhrada xalqa rəhbərlik etdiyi kimi və onları Rəbbə güvənməyə təşviq etdiyi kimi, İncilin canlı alovu da bizi bu dövrdən həqiqi, gözəl həyata, Vəd edilmiş Torpağa aparacaq.
İNCİL Luka 4, 1-13
İsa Müqəddəs Ruhla dolaraq İordan çayından qayıtdı və Ruh tərəfindən səhraya aparıldı. Orada İsa qırx gün ərzində iblis tərəfindən sınağa çəkildi. Bu müddətdə İsa heç nə yemədi və qırx gün keçəndən sonra acdı. İblis Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşa əmr et ki, çörəyə dönsün». Lakin İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə yaşamaz” deyə yazılmışdır». Sonra iblis İsanı yuxarıya çıxardı və bir anda dünyanın bütün padşahlıqlarını Ona göstərdi. İblis İsaya dedi: «Mən bütün bunların üzərindəki səlahiyyəti və şan-şöhrəti Sənə verəcəyəm. Çünki bunlar mənə verilib və mən kimə istəsəm, ona verə bilərəm. Bax əgər Sən mənə səcdə etsən, bunların hamısı sənin olacaq». İsa ona belə cavab verdi: «“Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır». Sonra iblis Onu Yerusəlimə apardı və məbədin qülləsinə qoyub dedi: «Əgər Sən Allahın Oğlusansa, özünü buradan aşağı at. Axı “Allah Sənə görə mələklərinə əmr edər ki, Səni qorusunlar, Səni əlləri üstündə aparsınlar, ayağın bir daşa dəyməsin” deyə yazılmışdır». Amma İsa cavabında ona belə dedi: «“Allahın Rəbbi sınama” deyilmişdir». İblis sınaqların hamısını qurtarandan sonra bir müddət Onu tərk etdi.
əڲ
Böyük Orucun ilk günündə ənin liturgiyası bizə həyat səyahətinin insanın təbii zəifliyi ilə müşayiət olunduğunu xatırladır. Bu gün biz, Böyük Orucun ilk mərhələsində, bizi gözləyən və İsanın bizim üçün artıq qalib gəldiyi mübarizə ilə qarşılaşırıq. Həyat bizə neytral olmağa imkan vermir: Məsih “yox” deməyi bacarmaqla şeytana qalib gəldi. Bu gün Rəbb xristianların öz imanlarını daha qətiyyətlə müdafiə etmələrini istəyərək bizə də eyni şeyi etməyi öyrədir. Bugünkü İncil hekayəsi bütün dövrlərdə insan qəlbindən keçən üç sınaqdan bəhs edir: çörək sınağı (yəni “maddi istəklərlə” bağlı hər şey), qüdrət sınağı və izzət sınağı. Rəbb İsa Məsih qətiyyətlə onlara qarşı çıxdı və Allahın Kəlamının gücü ilə qalib gəldi.