MAP

Il Papa, disarmiamo le parole e disarmeremo la Terra

Papa XIV Leo: Xəbər mediası sülhü təşviq etməli və sözləri tərksilah etməlidir

Papa XIV Leo, Romada media nümayəndələri ilə görüşüb və onları həqiqətə xidmət etməyə və sülhü təşviq etməyə çağırıb.

MÜQƏDDƏS ATA XIV LEO-NUN MEDİA NÜMAYƏNDƏLƏRİNƏ MÜRACİƏTİ

VI Paul Zalı
Bazar ertəsi, 12 may 2025-ci il

Sabahınız xeyir və bu gözəl qəbulunuz üçün təşəkkür edirəm! Deyirlər ki, əvvəldə olan alqışlar o qədər də əhəmiyyətli deyil, axırda oyaq qalıb, alqışlayırsansa…çox sağ olun!

Qardaşlar və bacılar,

Sizi, dünyanın hər yerindən olan media nümayəndələrini salamlayıram. Kilsə üçün həqiqətən lütf vaxtı olan bu günlərdə gördüyünüz və görməyə davam etdiyiniz işə görə sizə təşəkkür edirəm.

Dağüstü vəzində İsa bəyan edir: “Nə bəxtiyardır sülhyaradanlar!” (Matta 5:9). Bu Bəxtiyarlıq Əmrinin hamımıza aidiyyatı var, lakin onun əhəmiyyəti xüsüsən sizin üçün aktualdır. O sizin hər birinizi çağırır ki, siz fərqli ünsiyyət yolları üçün səy göstərəsiniz: nəyin bahasına olursa olsun razı salmaq məqsədini güdməyən, aqressiv sözlərdən istifadə etməyən, rəqabət mədəniyyətinə təslim olmayan və təvazökarlıqla axtarmalı olduğumuz həqiqət axtarışını məhəbbətdən heç vaxt ayırmayan ünsiyyət üçün səy göstərəsiniz. Sülh bizim hər birimizdən başlayır: başqalarına baxışımızdan, başqalarını dinləmək qabiliyyətimizdən və başqaları haqqında danışmağımızdan. Bu mənada bizim ünsiyyət tərzimiz prinsipial əhəmiyyət kəsb edir: söz və obraz savaşına “yox” deməli, müharibə paradiqmasını rədd etməliyik.

Ona görə də icazə verin, bu gün həqiqəti çatdırmaq istədikləri üçün həbs edilən jurnalistlərlə Kilsənin həmrəyliyini bir daha bəyan edim və bu sözlərlə mən də həbsdə olan jurnalistlərin azad edilməsini xahiş edirəm. Kilsə bu şahidlərin, (mən indi həyatları bahasına olsa belə, müharibə haqqında məlumat verənləri düşünürəm) ləyaqəti, ədaləti və insanların məlumat almaq hüququnu müdafiə edənlərin cəsarətini alqışlayır, çünki yalnız məlumatlı şəxslər azad seçim edə bilər. Həbsdə olan jurnalistlərin əzabları xalqların və beynəlxalq ictimaiyyətin vicdanına səslənir, hamımızı söz və mətbuat azadlığının dəyərli ənamını qorumağa çağırır.

Dəyərli dostlar, həqiqətə xidmətinizə görə sizə təşəkkür edirəm. Siz Kilsə, onun müxtəlifliyi və eyni zamanda, birliyi haqqında məlumat vermək üçün son bir neçə həftə ərzində Romada olmusunuz. Siz Müqəddəs Həftənin liturgiyaları zamanı iştirak etdiniz və Pasxanın Nurunda baş verən Papa Fransiskin ölümü ilə bağlı hiss olunan kədər haqqında məlumat verdiniz. Eyni Pasxa imanı, Konklav zamanı, sizin gərgin və yorucu əməyiniz zamanı bizi ruhlandırırdı. Bununla belə, hətta həmin günlərdə belə siz Yaxşı Çobanın rəhbərliyi altında bizi birləşdirən və bir xalq edən Məsihin məhəbbətinin gözəlliyindən danışa bildiniz.

Buna görə də, xristian həyatını və Kilsənin həyatını şərh edəndə tez-tez istifadə olunan stereotiplərdən və klişelərdən kənara çıxmaq məqsədilə edilən səyləriniz üçün sizə təşəkkür edirəm. Təşəkkür edirəm, çünki siz bizim kim olduğumuzun mahiyyətini anladınız və bunu mümkün olan hər bir media vasitəsi ilə bütün dünyaya çatdırdınız.

Bu gün ən mühüm vəzifələrimizdən biri, bizi bəzən özümüzü içində hiss etdiyimiz Babil Qülləsindən çıxara biləcək, çox vaxt ideoloji və ya təəsübkeş olan, sevgidən kasad dillərin qarışıqlığından çıxara biləcək ünsiyyəti təşviq etməkdir. Buna görə də sizin xidmətiniz, istifadə etdiyiniz sözlər və üslublar ilə birlikdə, çox əhəmiyyətlidir. Bildiyiniz kimi, kommunikasiya təkcə məlumatın ötürülməsi deyil, həm də mədəniyyətin, dialoq və müzakirə məkanına çevrilən insan və rəqəmsal mühitin yaradılmasıdır. Texnologiyanın necə inkişaf etdiyinə baxanda bu missiya getdikcə daha zəruri görünür. Mən xüsusilə böyük potensiala malik süni intellekt haqqında düşünürəm, onun hamının xeyri üçün istifadəsi və bütün bəşəriyyətə fayda gətirə bilməsi üçün məsuliyyət və fərasət tələb olunur. Bu məsuliyyət hər kəsə, yaşına və cəmiyyətdəki roluna uyğun olaraq aiddir.

Əziz dostlar, zaman keçdikcə bir-birimizi daha yaxşı tanıyacağıq. Biz həqiqətən də xüsusi günlər yaşadıq, deyə bilərik ki, birlikdə yaşadıq. Biz onları bütün media növləri ilə paylaşdıq: televiziya, radio, internet və sosial şəbəkələr. Ümid edirəm ki, hər birimiz deyə bilərik ki, bu günlər insanlığımızın sirrinin pərdəsini qaldırıb, içimizdə sevgi və sülh arzusu buraxıb.

Bu səbəbdən, bu ilki Ümumdünya Sosial Kommunikasiya Günü münasibətilə Papa Fransiskin bizə etdiyi çağırışı bu gün sizə təkrar edirəm: gəlin ünsiyyəti hər cür qərəz və inciklikdən, fanatizmdən və nifrətdən azad edək; onu aqressiyadan azad edək. Bizə yüksək səsli, itələyici ünsiyyət lazım deyil. Əksinə, bizim, zəiflərin, səssizlərin səsini dinləməyi və toplamağı bacaran ünsiyyətə ehtiyacımız var. Gəlin sözləri tərksilah edək və bununla da biz dünyanı tərksilah etməyə kömək edəcəyik. Tərksilah edilmiş və tərksilah edən ünsiyyət, dünyaya fərqli baxışı bölüşməyə və insan ləyaqətimizə uyğun hərəkət etməyə imkan verir.

Siz, münaqişələr və sülh istəkləri, ədalətsizlik və yoxsulluq və daha yaxşı bir dünya yaratmaq üçün səy göstərən bir çox insanın səssiz işi haqqında məlumatlandırılmanın önündəsiniz. Bu səbəbdən sülhün lehinə ünsiyyət yolunu şüurlu və cəsarətlə seçməyinizi xahiş edirəm.

Hamınıza təşəkkür edirəm, Allah sizə xeyirdua versin!

12 may 2025, 17:43

Ən son Audiensiyalar

Həmçinin oxuyun >